Ali Məhkəmədən cəza ilə bağlı qərar

Hökm qüvvəyə mindikdən sonra barışıq cəzanın azaldılması üçün əsas deyil
Ali Məhkəmə hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın təyin edilmiş cəzanın azaldılmasına təsiri ilə bağlı hüquqi mövqeyini açıqlayıb.
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilən şəxs 2023-cü ildə zərərçəkmiş şəxslə barışıb. Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş ərizə ilə məhkuma qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.
Bundan sonra məhkum məhkəməyə müraciət edərək barışığın Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu qeyd edib və cəzasının azaldılmasını istəyib.
Birinci instansiya məhkəməsi ərizəni icraata qəbul edərək mahiyyəti üzrə araşdırsa da, onu təmin etməyib. Apellyasiya instansiyası məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.
Kassasiya şikayətinə baxan Ali Məhkəmə müəyyən edib ki, hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinə əsaslanaraq təyin olunmuş cəzanın yenidən fərdiləşdirilməsi barədə müraciətə hökmün icrası qaydasında baxıla bilməz.
Qeyd olunub ki, cəzanın təyin edilməsi və fərdiləşdirilməsi cinayət işinə mahiyyəti üzrə baxılarkən həyata keçirilir. Hökm qanuni qüvvəyə mindikdən və icraya yönəldildikdən sonra cəzanın dəyişdirilməsi yalnız qanunvericilikdə nəzərdə tutulan maddi-hüquqi əsaslar və prosessual mexanizmlər çərçivəsində mümkündür.
Ali Məhkəmə vurğulayıb ki, hökmün icrası mərhələsində məhkəmələr yalnız qanunla səlahiyyətlərinə aid edilən məsələləri araşdıra bilərlər. Buna görə də müraciətə baxmazdan əvvəl onun məhkəmənin prosessual səlahiyyətlərinə aid olub-olmadığı müəyyənləşdirilməlidir.
Hazırkı işdə məhkumun sonradan barışıq əldə etməsinə əsaslanaraq Cinayət Məcəlləsinin 59.1.12 və 60.1-ci maddələrinin tətbiqi yolu ilə cəzasının azaldılması barədə ərizəsinə hökmün icrası qaydasında baxılması üçün qanuni prosessual əsas olmayıb.
Məhkəmə bildirib ki, bu mövqe barışıq faktının və onun cəzanı yüngülləşdirən hal kimi hüquqi əhəmiyyətinin qiymətləndirilməsi deyil. Məsələ belə bir müraciətə hökmün icrası qaydasında baxılması üçün qanuni mexanizmin mövcud olmaması ilə bağlıdır.
Nəticədə Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarını ləğv edib. Məhkumun cəzanın azaldılması barədə ərizəsinin hökmün icrası qaydasında icraata qəbul edilməsindən imtina olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.