Kim Çen İnün Çinə aparıldığı bildirilir

Şimali Koreya lideri Kim Çen İnin komaya düşdüyü və təcili tibbi yardım üçün Çinə aparıldığı barədə iddialar ortaya çıxıb.
“The Sun” nəşrinin məlumatına əsasən, sosial şəbəkələrdə yayılan xəbərlərdə onun beyninə qan sızdığı, səhhətinin kəskin pisləşdiyi və Pekində müalicə aldığı iddia olunur. Bildirilir ki, lider “Peking Union Medical College” xəstəxanasına yerləşdirilib.
Kim Çen İn sonuncu dəfə oktyabrın 11-də Pxenyandakı müdafiə muzeyinə səfəri zamanı görülüb.
Şimali Koreya üzrə analitik Benedikt Rocers bu cür xəbərlərin yeni olmadığını vurğulayıb. O, əvvəllər də Kim Çen İnin səhhəti və ölümü ilə bağlı şayiələrin yayıldığını xatırladaraq, hakimiyyətin yaxın zamanda liderin sağ olduğunu göstərən görüntülər təqdim edə biləcəyini bildirib.
Analitik qeyd edib ki, Şimali Koreyada ali rəhbərin vəfatı baş verərsə, ölkədə kütləvi hüzn nümayişləri gözlənilir. Lakin hazırda belə əlamətlərin olmaması ilə bağlı vəziyyət liderin səhhəti barədə qəti nəticə çıxarmağa əsas vermir.
Ehtimal olunur ki, Kim Çen İn vəfat edəcəyi təqdirdə hakimiyyətin müvəqqəti idarəçiliyi bacısı Kim Yo-çonqa həvalə oluna bilər. Təhlilçilər onun Kim Çen İnin qızı Kim Cu-e gələcəkdə hakimiyyəti təhvil alana qədər ölkəyə rəhbərlik edə biləcəyini düşünürlər. Cənubi Koreya kəşfiyyatı Kim Cu-enin atasının əsas varisi olduğunu bildirir.
Məlumatlara görə, artıq çəki və zərərli vərdişlər Kim Çen İnin ürək-damar xəstəlikləri riskini yüksəldir. Onun atası və babası da oxşar sağlamlıq problemləri ilə üzləşiblər.
Qeyd edək ki, Kim Çen İnin komaya düşməsi və Çinə aparılması barədə iddialar rəsmi təsdiqini tapmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.