AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MTN polkovniki bu ifadədən sonra intihar etdi

  • + A
  • - A
  • 4-05-2017, 10:46

    MTN polkovniki bu ifadədən sonra intihar etdi
















    Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin intihar etməzdən əvvəl istintaqa verdiyi ifadə məlum olub

    Lent.az xəbər verir ki, İlqar Əliyev ifadəsində zərərçəkmiş Maqsud Mahmudovun epizodu üzrə ifadə verib və onun haqlı olduğunu deyib.

    İ.Əliyev bildirib ki, Eldar Mahmudov Tərlan adlı şəxs barəsində məlumat toplamaq üçün tapşırıq verib: “Nazir həmin tapşırığı şifahi olaraq Elçin Quliyevə vermişdi. Elçin Quliyev də həmin tapşırığı mənə dedi və bu işlə birbaşa mənim məşğul olmağımı istədi. Mən də Tərlanın mobil telefonlarını izləməyə aldım. Bildim ki, Tərlanın Mark adlı şəxslə düşmənçiliyi var. Markı tapdım, nazirliyə çağırdım. Tərlanın qanunsuz işlərini Markdan öyrənərək, Eldar Mahmudova məruzə elədim”.

    İntihar edən polkovnik bildirib ki, Tərlan həmin hadisədən sonra həbs olunub: “Baş Prokurorluqda onun barəsində cinayət işi başlanıldı və həbs olundu. Mark da sonradan mənimlə əlaqə saxladı. Xahiş etdi ki, Maqsud Mahmudov adlı şəxs onun torpaq sahəsini zəbt edib, ona kömək edim. Bu məsələni birbaşa Elçin Quliyevə məruzə elədim. Ondan razılıq aldım. Maqsudu nazirliyə dəvət elədim. Onun işini Mərkəzin əməkdaşı Azər Mehdiyevə tapşırdım”.

    Antiterror Mərkəzinin sabiq rəis müavini ifadəsində bildirib ki, Azər Mehdiyev Maqsudu MTN-ə dəvət etdikdən sonra xidməti otağında ona hədə-qorxu gəlib: “İşçilərdən biri gəlib mənə məruzə elədi ki, Maqsud otaqda qusub. Mən də otağa getdim. Maqsudu gördüm. Azər yanıma gəldi, dedi, Maqsud 50 min dollar pul vermək istədiyini dedi. Söhbəti Elçin Quliyevə məruzə etdim. Elçin isə 50 min dolların az olduğunu dedi, Maqsudun 200 min dolları verməsini istədi. Azərə Elçin Quliyevin sözünü çatdırdım. Azər yenidən Maqsudun yanına qayıtdı. Bir qədər sonra gəldi ki, Maqsud 150 min dollar verə bilər. Yenidən Elçin Quliyevin yanına getdim. Məruzə elədim. Elçin Quliyev də mənim yanımda Eldar Mahmudova məruzə edərək Maqsudun 150 min dollar verə biləcəyini dedim. Nazir də razılıq verərək, Maqsudun MTN-dən çıxmasına icazə verdi. Maqsudu buraxdıq. O, pulu bir neçə dəfəyə gətirib Azərə verdi. Azər də gətirib mənə verirdi. Bəzən Maqsud pulları vaxtında verə bilməyəndə pulun əvəzinə hesablamaları üçün Ayaz Gərayzadə vasitəsi ilə brilliant və ya digər qızıl-zinət əşyaları göndərirdi. Mən isə hər dəfə həmin əşyaları Ayazın özünə qaytararaq, Maqsudun söz verdiyi pulları gətirməsini bildirirdim. Maqsudun pulları gətirməyəcəyindən ehtiyatlanaraq, onun barəsində “STOP” qoyulması ilə bağlı Azərə tapşırıq verdim. Maqsud iki ay müddətinə 120 min dollar gətirib verdi. Mən də Elçin Quliyevə bu barədə dedim. Elçin Quliyev Eldar Mahmudova bu barədə məruzə elədi. Nazir Elçin Quliyevə dedi ki, həmin puldan 70 mini köməkçisi Vüqar Mahmudova versin, qalan 50 mini isə baş idarə daxilində bölməsini tapşırdı. Elçin Quliyev də 70 mini Vüqar Mahmudova göndərdi, 20 mini özü götürdü, 10 min dollar mənə verdi. Qalan puldan 10 mini Azər Mehdiyev və Ramil Hümbətova verdi ki, aralarında bölünsün. Yerdə qalan 10 min dolların isə ərizəçi Mark Şamilova verməsi üçün Ramil Hümbətova verdi”.

    Qeyd edək ki, İlqar Əliyev yalnız bir epizod üzrə dindirilib. 2015-ci ildə bu ifadəni verdikdən 5 gün sonra o, saxlandığı İstintaq Təcridxanasında intihar edib. Onun intihar etməsi ilə bağlı onun barəsində olan cinayət təqibinə xitam verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR