Cəlilabad rayon prokurorluğunun Məlumatı
30 sentyabr 2021-ci il tarixdə Cəlilabad rayonu, Sərhədabad kənd sakinləri Mirseyidəli Əliyev və qohumu Miralmas Əliyevin öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Cəlilabad rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
Aparılmış istintaqla, zərərçəkmişlərin həmkəndlisi 2003-cü il təvəllüdlü Kənan Xubaliyevin qeyd edilən tarixdə aralarında olmuş mübahisə ilə əlaqədar Mirseyidəli Əliyevin yaşadığı evə gələrək həmin vaxt evin həyətində olan Mirseyidəli Əliyevə hücum edib əvvəlcədən özü ilə gətirdiyi bıçaqla sonuncuya müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə, həmçinin həmin vaxt orada olan və cinayin qarşısını almaqla ictimai borcunu yerinə yetirən Miralmas Əliyevə də bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Kənan Xubaliyev Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd), 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 126.2.2-ci maddələri (qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Həmyerlisini qəsdən öldürən şəxs barəsində cinayət işi məhkəməyə göndərilmişdir
2021-ci il noyabrın 23-də Salyan rayon sakini Səbuhi Qasımovun öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Salyan rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
Aparılmış istintaqla, zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Tural Nəzirovun Kür çayının Salyan şəhərindən keçən hissəsi üzərində yerləşən körpünün yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı əvvəlcədən özü ilə gətirdiyi bıçaqla Səbuhi Qasımovun ölümünə səbəb olan müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Tural Nəzirov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Astara rayon prokurorluğunun Məlumatı
08 oktyabr 2021-ci il tarixdə rayonun Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
İstintaqla zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevanın şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevanın baş nahiyəsinə dəhrə ilə xəsarətlər yetirdikdən sonra üzərində olan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Gülsevər Ağayevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.