Paytaxt və bölgələrdə 25-ə yaxın mağazada
quraşdırılan ödəmə terminallarını talayan şəxs saxlanılıb
Saxlanılan şəxsin terminallardan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə anbaan qeydə alınıb.
Görüntülər müxtəlif məkanlarda lentə alınsa da, məqsəd eynidir... Marketə qanunsuz yollarla daxil olmaq və orada quraşdırılan müxtəlif şirkətlərə məxsus ödəniş terminallarını talamaq. Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində son bir neçə ay ərzində 25-ə yaxın mağazada quraşdırılan ödəmə terminallarını sındırmaqla orada olan maddi vəsaitləri oğurlayan əvvəllər məhkum olunmuş Qəzənfər Babayev tutularaq istintaqa təqdim edilib.
Aparılan araşdırmalar zamanı onun paytaxtın Binəqədi, Pirallahı rayonları ilə yanaşı, Abşeron rayonu, Sumqayıt şəhəri, həmçinin Tovuz və İsmayıllı rayonlarında müxtəlif şəxslərə məxsus mağazalarda quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Qəzənfər Babayevin təkcə Abşeron rayonunun Saray, Masazır, Qobu, Digah və Mehdiabad qəsəbələrində yerləşən 12 mağazada quraşdırılan terminallardan oğurluq etdiyi müəyyən edilib. Qəzənfər Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir
***
- Noyabrın 29-da ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
- Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.
***
Yol-nəqliyyat hadisəsi
Noyabrın 29-da saat 6 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini B.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Afaq Mirzəyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.