AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ronaldo üçün qocalıq nəğməsi

  • + A
  • - A
  • 11-12-2022, 20:20

    Ronaldo üçün qocalıq nəğməsi

    Böyürtkən payızda da çiçəkləyir. Tumançaq gəzdiyimiz o uşaqlıq illərində elə bilirdim, böyürtkən son çiçəyinə qədər meyvə gətirənədək yay bizimlə qalacaq... Yaxşı ki, üstünə qar yağan böyürtkən çiçəklərini gördük, yoxsa elə inanmışdıq anaların saçlarının ağarmadan ölməyəcəyinə.

    Bəs məftil arabalarımız necə? Görəsən, o hansı gün idi, həmişəki kimi sürdüyümüz o arabaları bir gün hansısa divara, ağaca söykədik, bir daha onu əlimizə götürmədik?

    Görəsən, biz nə vaxt böyüdük?

    Dino Buzzatinin “Tatar çölü” romanını içdən oxumuşlar anlayıb ki, ən böyük intihar taleyə boyun əyməkdir.

    Covanni Droqo uzun müddət keçməyən sızıltılarının qocalıq olduğunu anladığı gün özünə sual verir: bəs mən nə zaman qocalmağa başladım?

    Hər bahar taxta otağı çıqqıldamağa başlayanda – daha doğrusu yaz hərarətini canında hiss edən taxtalar yenə sevgiylə ağız-ağız verib pıçıldaşanda Covanni bu pıçıltını ehtirasla dinləyə bilmir. Çıqqıltıdan əsəbiləşir. Bəs o nə zamandan qocalmağa başlayıb, nə zamandan bəri baharın hər dəliyi bir ağıza çevirib yerə göyə nəğmə oxudanda o bu xordan kənarda qalıb? Cavanlığa əlvida dediyi bədənini əzabla geriyə çevirir, onunla vidalaşan cavanlığın tənindən ayrıldığı günə gedib çıxır.

    Bəli, bu həmin gündür: hər gün iki pillə, iki pillə - qaça-qaça qalxdığı hərbi hissə piləkənlərini həmin axşam bir-bir, aramla qalxır. Covanni məhz həmin gün cavanlığa əlvida deyib.

    Uşaqlıqla gəncliyin, cavanlıqla qocalığın sərhədi bütün insanlarda incə sapla işlənmir, hər kəs xatirə quyusuna pillə-pillə enib pilləkənləri addım-addım qalxdığı günü xatırlaya bilmir.

    Ronaldo qocaldı.

    Kiminin göz yaşlarıyla, kiminin sevinclə, kiminin kinlə gözlədiyi həmin gün gəldi.

    Onun qocaldığı gün Portuqaliyanın dünya çempionatından uzaqlaşdığı gün deyil. Onun qocaldığı gün Portuqaliyanın Uruqvayı 2:0 məğlub etdiyi gündür. Həmin gün onun komanda yoldaşı Fernandes topu onun üçün qaldırır, Ronalda isə topa çatmır, o, topa toxuna bilməsə də, qol olur. Yox, demirəm, Ronaldo qocalmışdı deyə topa çatmadı. Həmin ana qədər Ronaldo cavan idi. O, tullandığı an da cavan idi, havada da cavan idi. Başına dəyməyən topu özününkü kimi təqdim edib qol sevinci edəndə artıq qocaldı.

    Ronaldo başı üçün olmadığı qola sevinəndə qocaldı.

    Dünyanın ən çox qol vuran, ən çox titullu futbolçularından olan Ronaldonun başqasının qoluna sahib çıxmaq fikri ağlına gələndə qocaldığını etiraf etdi.

    Yaxşı ki, VAR var və sonda bu qurğu hamıya bəyan etdi ki, top Ronaldonun başına dəyməmişdi, bioqrafiyasına yamaq kimi yapışdırmaq istədiyi həmin qolu da ondan alıb öz sahibinə qaytardı – Fernandesə.

    Ronaldoya isə əvəzində elə bir “dost” verdi ki, onu sədaqətiylə bezdirəcək həmin dostla yanaşı gəzdiyində baharın hər çatı, hər dəliyi bir ağıza çevirib oxutduğu nəğməni eşitməyəcək...

    Bəli...

    “Bir qocaman qartalın qanadları dayandı
    o, bir daha qıy vurub dağlardan keçməyəcək...”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR