Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edərək onların xeyli miqdarda pulunu mənimsəyən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə Bakı şəhər sakini Vüsal Əliyev saxlanılaraq istintaqa təqdim olunub.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs özünü turizm şirkətlərinin birinin nümayəndəsi kimi təqdim edərək iki nəfər şəxsə qarşı dələduzluq edib. Zərərçəkmişlərə Türkiyə Respublikasına turla təmin edəcəyi barədə vədlər verən V.Əliyev onların ümumilikdə 9690 manat pulunu ələ keçirib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, V.Əliyev barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər V.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.