Naxçıvan Futbol Federasiyasının (NFF) inzibati binasında qurumun prezidenti vəsifəsinə seçki ilə bağlı iclas keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının əməkdaşları, Gənclər və idman idarələrinin rəisləri, federasiya nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.
Gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov iclasda çıxışı zamanı gündəlikdə duran əsas məsələ ilə bağlı fikirlərini bölüşüb, federasiyadakı prezident seçkisinin Naxçıvan futbolunda əsaslı dönüşün yaranmasına səbəb olacağına inamını ifadə edib, təmsil etdiyi qurumun öz səlahiyyətləri çərçivəsində idmanın inkişafına xidmət edən istənilən əməkdaşlığa, dəstəyə daim hazır olduğunu vurğulayıb.
Məcid Seyidov federasiya prezidenti vəzifəsinə Axundov Zaur Asif oğlunun namizədliyini irəli sürüb. Açıq səsvermənin nəticələrinə uyğun olaraq Zaur Axundov yekdilliklə NFF-nin prezidenti seçilib.
Yeni seçilmiş federasiya rəhbəri etimada görə minnətdarlığını bildirib, federasiyanın birinci növbədə muxtar respublikada uşaq futbolunun inkişafı ilə bağlı işlər aparacağını diqqətə çatdırıb. Naxçıvandakı futbolsevərlərin “Araz-Naxçıvan” intizarına son qoymaq, eyni zamanda yerli futbolçuların inkişafına nail olmaq üçün yaxın zamanlarda muxtar respublika stadionunun təmir olunaraq beynəlxalq tələblər səviyyəsinə gətirilməsi ilə bağlı işlər aparıldığını deyən federasiya prezidenti, bununla paralel bölgələrdə yeni futbol qruplarının yaradılması, yarışların keçirilməsi, məşqçilərin təhsili və digər planlar barədə danışıb, Naxçıvanda futbolun dirçəlişi üçün maksimum çalışacaqlarını diqqətə çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.