Son üç gün xüsusilə həyəcanlı keçib və Bakıda, Azərbaycan Milli Gimnastika Arenasında toplaşan böyük tamaşaçı kütləsinə möhtəşəm beynəlxalq idman tədbirlərinə layiq bir yarış təqdim olunub. Azərbaycan Cüdo Federasiyası və onun bütün tərəfdaşları, Dünya Cüdo Turu təqvimində bu vacib yarışın böyük uğurla keçirilməsinə görə fəxr edə bilərlər.
Hər şey mükəmməl şəkildə təşkil edilib, bu da iştirak edən 36 ölkədən olan idmançılara öz ən yaxşı performanslarını göstərmək və dünya reytinqi üçün vacib xallar toplamaq imkanı verib. Olimpiya təsnifatları hələ uzaqda olsa da, reytinq cədvəlində yüksək mövqedə qərarlaşmaq gələcək çempionlar üçün uğurun təminatı ola bilər.
Yapon komandası səhvə yol verməyib. Onlar Bakıya yüksək səviyyəli bir komanda göndərib və nəticələr bunu təsdiqləyib – millilər sıralamasında birinci yerin sahibi olublar. Azərbaycanın iki aparıcı cüdoçusu, dünya və Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev tatamidə olmasa da, digər cüdoçular ən yüksək səviyyədə mübarizə aparıb. Bu yüksək səviyyəli yarışda ev sahibi ölkənin qazandığı medallar onu turnirin ən güclü komandalarından birinə çevirib.
Təşkilatçılıq baxımından isə irad tutulası heç bir məqam yoxdur. Azərbaycan bu işin öhdəsindən peşəkarcasına gəlib və hər şeyi yüksək səviyyədə təşkil edib. Bütün iştirakçıların yaddaşında bu turnirdən xoş xatirələr qalacaq. Beləliklə, Bakı Böyük Dəbilqə turniri uğurla başa çatıb.
Bakıdakı yarışların son gününün final mərhələsindən əvvəl gənc cüdoçular tataminin mərkəzinə çıxaraq dinamik və əyləncəli bir cüdo sessiyası keçiriblər. Bu uşaqlar xüsusi qayğıya ehtiyacı olan gənclər üçün nəzərdə tutulmuş bir proqramın iştirakçılarıdır. Cüdo, onların cəmiyyətə inteqrasiyasına kömək edən və onları dəstəkləyən inanılmaz bir vasitədir. Azərbaycan Cüdo Federasiyası bir daha bütün qrupları heç bir ayrı-seçkilik olmadan cəmiyyətə inteqrasiya etmək bacarığını nümayiş etdirib. Uşaqların topladığı alqışlar və sessiya boyunca üzlərindəki xoş təbəssümlər cüdonun gücünün açıq sübutudur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.