AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Su İdmanı Sarayı”nda gimnastika problemi: valideynlərdən ölkə rəhbərliyinə Müraciət

  • + A
  • - A
  • Bu gün, 13:43

    “Su İdmanı Sarayı”nda gimnastika problemi: valideynlərdən ölkə rəhbərliyinə Müraciət

    Bakıda fəaliyyət göstərən “Su İdmanı Sarayı”nın bədii gimnastika klubunda yaranmış vəziyyət valideynlər arasında ciddi narahatlıq doğurub. Klubda məşq edən uşaqların valideynləri problemlərin həlli üçün ölkə rəhbərliyinə müraciət ediblər.
    Azadmedia.az xəbər verir ki, valideynlərin sözlərinə görə, artıq 10 ildən çoxdur fəaliyyət göstərən bu klub ölkədə bədii gimnastikanın inkişafına töhfə verib və burada yetişən idmançılar həm yerli, həm də beynəlxalq yarışlarda uğurla çıxış edərək çoxsaylı medallar qazanıblar. Onlar qeyd edirlər ki, ölkə rəhbəri İlham Əliyev və ölkənin birinci xanımı tərəfindən bu idman növünə göstərilən diqqət nəticəsində Azərbaycan dünyada güclü gimnastika məktəbi kimi tanınıb.
    Lakin son bir ildən artıq müddətdə klubda vəziyyətin pisləşdiyi bildirilir. İddialara görə, müəssisəyə yeni direktor təyin olunduqdan sonra valideynlər və rəhbərlik arasında ciddi anlaşmazlıqlar yaranıb. Hazırda təxminən 60 uşağın məşq etdiyi klubda cəmi bir xoreoqraf, bir baş məşqçi və bir məşqçinin fəaliyyət göstərməsi idmançıların keyfiyyətli hazırlığı üçün yetərli hesab olunmur.
    Valideynlər bildirir ki, bir neçə ay əvvəl iki məşqçi işdən ayrılıb, lakin onların yerinə yalnız bir nəfər cəlb edilib. Bu isə məşq prosesinə və nəticələrə mənfi təsir göstərir. Eyni zamanda, Azərbaycanın tanınmış gimnastlarından biri – Olimpiya iştirakçısı və beynəlxalq yarışların finalçısı olan Yelizaveta Luzanın könüllü şəkildə uşaqlarla işləmək istəyi olsa da, onun məşqlərə qoşulmasına icazə verilmədiyi qeyd olunur.
    Problemlər bununla da bitmir. Valideynlərin sözlərinə görə, uzun müddət klubda xoreoqrafiya dərsləri keçirilməyib və yalnız təkidlərdən sonra, gecikmiş şəkildə bu sahə üzrə mütəxəssis işə götürülüb. Halbuki xoreoqrafiya bədii gimnastikanın əsas elementlərindən biri hesab olunur.
    Ən ciddi narahatlıq doğuran məsələlərdən biri isə məşq zalındakı gimnastika xalçasının yararsız vəziyyətdə olmasıdır. İddialara görə, örtüyü dağılmış və qoruyucu qatı olmayan xalça uşaqların sağlamlığı üçün risk yaradır, zədələnmə və hətta tənəffüs problemlərinə səbəb ola bilər. Buna baxmayaraq, lazımi avadanlıqla təminatın həyata keçirilmədiyi bildirilir.
    Valideynlər həmçinin qeyd edirlər ki, bu günə qədər uşaqların iştirak etdiyi bir çox yarışların xərcləri ailələr tərəfindən qarşılanıb, klub tərəfindən isə maddi və ya mənəvi dəstək göstərilməyib.
    Müraciətdə valideynlər aidiyyəti qurumlardan, xüsusilə Gənclər və İdman Nazirliyindən vəziyyətin araşdırılmasını və “Su İdmanı Sarayı”ndakı problemlərin aradan qaldırılması üçün tədbirlərin görülməsini xahiş edirlər.
    Onlar ümid edirlər ki, məsələ diqqətdə saxlanılacaq və gənc idmançıların sağlam, təhlükəsiz və peşəkar mühitdə inkişafı üçün zəruri addımlar atılacaq.
    https://www.facebook.com/share/r/1CV5YPiGC8/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR