CNN: Pakistan İrandan müharibənin dayandırılması ilə bağlı yenilənmiş təklif gözləyir

ABŞ-ın CNN telekanalının yaydığı məlumata görə, Pakistan vasitəçiləri yaxın günlərdə İran tərəfindən müharibənin dayandırılması ilə bağlı yenidən işlənmiş təklif alacaqlarını gözləyirlər.
Məlumata əsasən, bu prosesə Donald Trumpın əvvəlki İran təklifini qəbul etməyəcəyini bildirməsi təsir edib. Bildirilir ki, İranın xarici işlər naziri Abbas Araqçi Rusiyaya səfərini başa vuraraq Tehrana qayıtmalı və ölkə rəhbərliyi ilə məsləhətləşmələr aparmalıdır.
Mənbələrin sözlərinə görə, danışıqların ləng getməsinin əsas səbəblərindən biri İranın ali rəhbərliyi ilə əlaqə qurmaqda çətinliklərdir. Xüsusilə, ali lider Müctəba Xameneinin olduğu yerin gizli saxlanılması prosesi çətinləşdirir.
Qeyd olunur ki, İranın əvvəlki təklifi əvvəlcə müharibənin dayandırılmasını, daha sonra isə nüvə proqramı ilə bağlı məsələlərin həllini nəzərdə tuturdu. Lakin ABŞ bu yanaşmanı qəbuledilməz hesab edir.
Mənbələr bildirir ki, hazırda proses davam edir və nəticə böyük ölçüdə İranın ABŞ üçün daha məqbul hesab ediləcək yeni təklif təqdim edib-etməyəcəyindən asılı olacaq.
Bundan əlavə, Donald Tramp sosial şəbəkədə paylaşım edərək bildirib ki, İran ABŞ-a ölkənin “çöküş vəziyyətində” olduğunu çatdırıb və Hörmüz boğazını açmaq istədiyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.