“Birincisi, bu, siyasi məsələdir və mən həqiqətən də onun həllini bilmirəm. Biz onunla oynamaq istəyirik. O, “Bernli”yə qarşı görüşdə də çox yaxşı çıxış etdi”.
ONA-nın məlumatına görə, bunu İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unai Emeri deyib.
İspaniyalı mütəxəssis komandasının ermənistanlı futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirakı ilə bağlı problemə münasibət bildirib. U.Emeri Azərbaycana tam heyətlə gəlməyin tərəfdarı olduğunu qeyd edib: “Biz mümkün olan hər şeyi edəcəyik ki, bütün futbolçularımız, o cümlədən də Mxitaryan komanda ilə olsun. Amma məsələ siyasi xarakter daşıdığından bunun necə mümkün olacağını bilmirəm. Vəziyyəti tam başa düşmürəm. Bu, mənim əlimdə deyil. Problem iki ölkə ilə bağlıdır. Bizdən asılı olan hər şeyi edəcəyik. Amma bu, yeganə problem deyil”.
U.Emeri finalın Bakıda deyil, İngiltərəyə yaxın yerdə keçirilməsini istədiyini də gizlətməyib: “İngiltərəyə yaxın bir yerə üstünlük verərdim. İki ingilis klubunun yanında daha çox azarkeş olardı”.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici görüşdə “Arsenal”ın rəqibi “Çelsi” olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.