"Qurban Qurbanovun dediyi ağ yalandı" - Samuel Armenteros
Ötən mövsümün sonunda "Qarabağ”dan ayrılan isveçli hücumçu Samuel Armenterosun gedişi indiyə qədər müəmmalı qalıb.
"Anderlext” və "Feyenoord” kimi adlı-sanlı komandalarda oynamış forvard qəflətən Ağdam klubunu tərk etmişdi.
Azərbaycan mətbuatı isə Samuelin klubdan ayrılma xəbərini Hollandiya mətbuatından öyrəndi. Düzdür, Armenteros "Qarabağ”da o qədər də yaxşı təsir bağışlamadı. 23 oyuna çıxan forvard cəmi 7 dəfə fərqlənmişdi. Onun ayrılması xəbərinə isə baş məşqçi Qurban Qurbanovun reaksiyası belə olmuşdu: "Onun gedişini mən də saytdan oxudum. Bəzən futbolçu onunla bağlı qərar tez verilməyəndə darıxır. Görünür, Armenteros darıxıb. Mən ona "get” deməmişəm”.
Qurbanovun dediklərinin həqiqət olub-olmadığını araşdırmaq üçün forvardla danışmağa çalışırdıq. Uzun müddətdir Armenterosla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz cavabsız qalırdı. Bir neçə ay öncə ona yazdığımız mesaja isveçli forvard nəhayət ki, cavab verib.
- "Qarabağ”dan niyə ayrıldınız?
- Mənimlə müqaviləmi yeniləmək istəmədilər. Dedilər ki, komandadan gedəcəksən. Qurban Qurbanov bildirdi ki, səni daha burada istəmirəm. Bu vəziyyətdə orda qala bilməzdim.
- Qurbanovla nə probleminiz var idi?
- Heç bir problem yox idi. Ümumiyyətlə, heç kimlə problem yaşamağı xoşlamıram.
- Amma Qurban Qurbanov "mən Armenterosa "get” deməmişəm” deyə açıqlama verib...
- Bu, ağ yalandı. Mənə Qurban Qurbanov deyib ki, gedə bilərsən. Amma indi bunun önəmi yoxdu.
- Maliyyə məsələləri ilə bağlı probleminiz olmuşdu?
- Yox, heç bir problem olmadı. Sadəcə baş məşqçi ayrılmağımı istədi.
- Hazırkı klubunuz "Herakles"in heyətində qolları sıralayırsız. Bəs, "Qarabağ”da niyə istədiyiniz kimi çıxış etmirdiniz?
- Çünki burada xoşbəxtəm və qollar vurduqca sevinirəm.
"Qafqazinfo"