Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş voleybol turnirinə yekun vurulub.
Azadmedia.az xəbər verir ki, 18 fevral 2023-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş voleybol idman növü üzrə məktəblilər arasında təşkil olunan turnirə yekun vurulub.
Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin idman zalında keçirilən turnirdə rayonun Hişkədərə, Miyankü, Tüklə, Türkoba, Digah, Sığıncaq, Sığdaş, Qodman, Ərkivan 2 saylı məktəblərinin komandaları iştirak ediblər.
Yarışlardan əvvəlcə faciə qurbanlarının xatirəsi ehtiramla anılıb, şagirdlərə ötən əsrin ən ağır qətliamı barədə məlumat verilib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən turnirin yekun nəticəsinə əsasən E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbin komandası birinci, S.Vurğun adına Türkoba kənd tam orta məktəbin komandası ikinci, Ə.İbadov adına Tüklə kənd tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.
Qalib komandalar və fərqlənən idmançılar təşkilat komitəsinin diplomları ilə mükafatlandırılıb.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onların voleybol idman növünə marağının artırılmasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.