Mahir Mədətov: "Almaniya finalda uduzanda ağlamışdım"
Millimizin və “Qarabağ"ın futbolçusu Mahir Mədətov Rusiyada keçirilən dünya çempionatında Almaniyaya azarkeşlik edəcək.
O, bu barədə Oxu.Az-a verdiyi açıqlamasında bildirib:
“Azarkeşlik etdiyim komanda Almaniyadır. İkinci komanda kimi Misir yığmasına simpatiya bəsləyirəm. Həm müsəlman olduqlarına, həm də Məhəmməd Salaha görə onların uğur qazanmasını istəyəcəyəm. Çünki Salah ötən mövsümü əla keçirib. Bu üzdən mundialda da uğurlu çıxışını davam etdirməsini istəyirəm.
Finalda Almaniya və Braziliya komandalarının qarşılaşacağını və yenə almanların qalib gələcəyini düşünürəm. Çünki bu Almaniya ikinci heyətlə ötən il Konfederasiyalar Kubokunun qalibi ola bildisə, əsas heyəti ilə mütləq beşinci çempionluğunu qazanmalıdır”.
Mahir Almaniya millisinin 2002-ci ilin finalında Braziliyaya uduzmasına görə çox məyus olduğunu qeyd edib:
“Həmin vaxt Ronaldo iki qol vurub Braziliyaya qələbə qazandırmışdı. Onda çox üzülmüşdüm. Hətta ağlamışdım. Ən çox da qapıçı Oliver Kana görə çox məyus olmuşdum. Çünki Kan həmin dünya çempionatında ən yaxşı oyununu göstərmişdi”.
Qeyd edək ki, Mahir Mədətovun azarkeşlik etdiyi Almaniya millisi az sonra mundialda ilk oyununu keçirəcək. Almanların rəqibi Meksika millisi olacaq.