Bu gün "Qarabağ"ın prezidenti Tahir Gözəlin media ilə özəl bir görüşü oldu. Bir çox məsələlər müzakirə olundu, əsas komandanın təbliğatından tutmuş transferlər, perspektivlər, müxtəlif digər problem və çətinliklərə qədər. Hər şey haqda danışıldı. Ancaq diqqət mərkəzindəki əsas məsələ uşaq futbolu oldu. "Qarabağ"ın yaralı və aşkar zəif yeri. Gözəl bəy də etiraf etdi ki, bu komponentdə klubu çox geridə qalır və hətta 10 ballıq şkala ilə 3 qiyməti də verdi özlərinə. Özünütənqid çox vacib və alqışlanacaq xüsusiyyətdi. Deməli, inkişaf üçün ən azı istək var, özü də böyük.
Ancaq iş tək istəklə olmur. Bunun üçün şərait də olmalıdı. Əsas narazılıq da burdadı. Tahir Gözəl deyir ki, "Qarabağ" bu işə əsaslı başlamaq və akademiya qurmaq, tikmək istəyir. Amma bunun üçün TORPAQ YOXDU. Ayırmırlar. Dəfələrlə müxtəlif, mümkün olan ən yuxarı instansiyalara müraciət etsələr də, iş alınmayıb, kluba torpaq ayrılmayıb. Suraxanıdakı bazanın yanında və başqa yerdə iki ərazi ayrılacağı halda, "Qarabağ" uşaq futbolunda nəhəng və nümunəvi addımlar atmağa hazırdı. "Bu halda akademiyaya hər il azı 2-3 milyon pul ayırmağa hazıram" cümləsini də işlətdi və təkrarladı Tahir Gözəl.
"Qarabağ" Azərbaycan futbolunun üzünü ağ eləyən yeganə klubdu. Böyük futbolda rəqibi yoxdu, ölkənin Avropadakı belə demək olarsa fövqəladə və səlahiyyətli futbol səfiridi. Ardıcıl 10 il qruplarda oynamaq yetərincə ciddi, Azərbaycan üçün hətta möcüzəvi uğurdu. İndi də bu klub eyni yolu uşaq futbolunda keçmək istəyir. Niyyət var, istək var, plan var, strategiya var, doğru icraçılar da var, yeniləri də gətiriləcək. Başlamaq üçün isə sadəcə bir şey - torpaq lazımdı. Orda akademiya tikib növbəti nəhəng addımı atmaq üçün. Çox da çətin deyil bu köməyi etmək.
"Qarabağ" Avropaya Azərbaycanın səsini çatdıra bilib. İndi qalır səlahiyyətlilərin Azərbaycan daxilində onun bu səsini eşitmək.
Qeyd: Məqalə idman jurnalisti Kənan Məstəliyevə məxsusdur
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.