AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ekspertlər açıqlayır: Bizdə də kredit borcu silinə bilərmi?

  • + A
  • - A
  • 6-12-2018, 10:29

    Ekspertlər açıqlayır: Bizdə də kredit borcu silinə bilərmi?














    Gürcüstanda seçki ərəfəsində problemli kreditlərin bağışlanması vədi analoji məsələni Azərbaycanda da gündəmə gətirib.

    Teleqraf.com bu barədə iqtisadçıların fikirlərini öyrənib.

    Millət vəkili Əli Məsimli deyib ki, ölkəmizdə problemli kreditlər 1,8 milyarda manata yaxınlaşmaqla kredit portfelinin 14 faizini ötüb. Əslində bu rəqəm daha yüksəkdir: “Hazırda xarici valyutada olan kreditlərlə bağlı problemin bütün ağırlığı əhalinin və borca düşən biznes strukturlarının üzərindədədir. Ölkə əhalisinin hər 4 nəfərindən biri birinin banka borcu var. Borcluların zaminləri də daxil olmaqla əhalinin xeyli hissəsi və iş adamları bankdan alınan kreditlərin girovuna çevrilib.

    Bütün bunları nəzərə alaraq tanınmış mütəxəssislərinin də fikirlərini almaqla maliyyə sağlamlaşdırılmasına dair “Təkliflər Paketi” hazırlayıb aidiyyəti qurumlara göndərmişik. Həmin sənəddə maliyyə-bank sistemindəki mövcud vəziyyət, arzu olunan durum və ona nail olma yolları, hüquqi və maliyyə təminatı, təşkilatı tədbirlər, eləcə də xarici valyutada olan kreditlərlə bağlı təkliflərimiz öz əksini tapıb”.



    Ən mübahisəli məqam…

    Əli Məsimlinin fikrincə, Azərbaycanın maliyyə bazarının hazırkı reallıqları şəraitində xarici valyutada olan problemli kreditlər məsələsinin optimal həlli güzəşt mexanizminin tətbiq edilməsindən keçir: “Amma onu da qeyd edək ki, biz xarici valyutada olan kreditlər probleminin çözülməsinə dair hökumətə göndərdiyimiz “Təkliflət Paketi”ndəki təkliflər bank sahiblərinin və inzibatçılarının yaxınlarına verdikləri qanunsuz kreditlərə aid deyil.

    Borclunun konkret vəziyyətindən asılı olaraq kredit şərtlərinin yüngülləşdirilməsi, faiz dərəcəsinin endirilməsi, cərimələrin və sairin silinməsi, xarici valyutada olan borcun güzəştli məzənnə ilə manata çevrilməsi, borcun bir hissəsinin bağışlanması və sair variantlardan istifadə etmək olar.

    Məsələn, təklif etmişik ki, devalvasiyaya qədər borcunu rahatca ödəyən, amma devalvasiya nəticəsində borcunu əvvəlki qaydada qaytara bilməyən şəxslərə güzəştlər tətbiq edilsin. Məsələn, 5 min, imkan varsa 10 min dollara qədər olan kreditlər 1,05 manat kursu ilə qaytarılsın.

    Daha iri məbləğli borclar üçün isə 1,2-1,3 manat kursu götürmək olar. Təklif etdiyimiz sxem üzrə borcların 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan 250 milyon dolların maliyyə yükünün bir hissəsini əhali, bir hissəsini banklar, digər hissəsinin yükünü isə dövlət çəkməlidir.

    Çünki dövlət dəstəyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdür.

    Aparılan sorğular göstərdi ki, bu variant kredit borcu olan insanları təmin edir və xeyli hissəsi borclarını örtə bilərlər. Bu halda sözügedən kateqoriyaya aid vətəndaşlar əlverişli şərtlər daxilində qalan borclarını ödəyə biləcək, banklar və vətəndaşlar üzücü məhkəmə proseslərindən canlarını qurtara biləcəklər.

    Amma problemin həlli uzadıldıqca, insanların bu variantlarla da borcunu ödəmək imkanları tükənir.

    Eyni zamanda araşdırma aparılaraq borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları müflisləşmə mexanizminin tətbiqi əsasında silinməlidir. Burda kredit borclarını ödəmək imkanı olub, yayınanlardan və vəziyyətdən sui-istifadə edənlərdən söhbət getmir. Məhkəmələrin ədalətli qərar verməsindən ötrü ya müflisləşmə haqqında qanunda fiziki şəxslərin müflisləşməsinə dair mükəmməl məqamlar əlavə edilməli, ya da dollarla olan kreditlərin restrukturizasiyası haqqında yeni qanun qəbul edilməlidir.

    Borcunu heç ödəyə bilməyən şəxslərə həmin mexanizm tətbiq olunmalıdır. Bu əsasda şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, tənha analar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlər məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə silinsin.

    Bu məsələdə ən mübahisəli məqam maliyyə mənbəyi ilə bağlıdır. Ona görə də təklif etmişik ki, dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin. Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparılsın”.

    “Bankdan götürlən kreditə ata malı kimi baxmaq olmaz”



    “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, keçmiş maliyyə naziri Fikrət Yusifovhesab edir ki, kredit bankla vətəndaş arasında tam sərbəst, qarşılıqlı razılıq şəklində hər iki tərəfin könüllü olaraq bağladığı müqavilə əsasında yaranmış borcdur: “Bir tərəf borcu verir, o biri tərəf də götürür. Yəni kredit götürən adam bütün şərtləri qəbul edərək müqaviləyə imza atır. Bizdə insanların borclarının yaranmasında ən böyük problem və borcların ödənişlə bağlı problemlərin çıxmasında ən böyük qəbahət odur ki, insanlar bu kreditə öz ata malı kimi baxırlar. Elə bilirlər ki, gedib pul götürdülər, problemlərini həll etdilər, bunu qaytarmaq da olar, qaytarmamaq da. Yaxud ümid edirlər ki hardasa bunu qaytarmaq imkanı olmayacaq, nəhayət, kimsə bunu silər, hökumət və ya bank özü borcu geri götürər.

    Bu psixologiyadan biz uzaq durmalıyıq. Banka gedən adam bir şeyi bilməlidir ki, təkcə onun ailə büdcəsinin, yəni öz fəaliyyətinin gəliri hardasa o kreditin bağlanması üçün kifayət deyil. Vətəndaş işləyib əmək haqqı alırsa, sabah o işi itirib krediti verməmək vəziyyətinə gəlib düşəcəksə, ən azından bunu da əvvəlcədən hesablamalıdır. Hər kəs hər an işini itirə bilər, krediti götürəndə bizim heç olmasa sığortalanmış bir vəziyyətimiz də olmalıdır ki, işdən çıxandan sonra bu kredit necə ödəniləcək. Əmlakımı, oturduğum evi və ya mənə məxsus avtomobili satıb bağlayacağam, yoxsa başqa alternativ mənbəyim var ki, mən ailə büdcəsinin, həyat yoldaşımın və ya övladımın qazancının hesabına və ya başqa yerdə fəaliyyətimin hesabına krediti bağlayacağam.

    Pulu kənara qoysaq, vətəndaşlarımız heç nə haqqında fikirləşmədən gedib bu krediti götürmək arzusu ilə yanaşırlar. Düzdür, kredit götürmək vacib ola bilər, kimsə ola bilsin, geniş arzularını reallaşdırmaq üçün yox, hansısa bir problemini həll etmək üçün kredit götürür. Amma yenə də bu barədə düşünmək lazımdır. Ümumiyyətlə ailə büdcəsinin idarə edilməsində daxili mədəniyyət, daxili qayda-qanun olmalıdır.

    Mən bir neçə ildir bu problemlərlə ciddi şəkildə məşğul oluram, hətta QHT-lərə Dövlət Dəstəyi Şurasının çərçivəsində məhz bu mövzuda bir layihə icra elədim və insanlarla görüşdüm. Onların əksəriyyəti hər hansı bir ehtiyacı yarananda, necə ödəyəcəklərini heç düşünmədən gedib krediti götürüblər”.

    Fikrət Yusifov deyib ki, təkcə az götürülən kreditlərdə problem yoxdur: ”İki gün bundan öncə mənə müraciət edən adamın atası onkoloji xəstə olub və banka müraciət edib ki, kredit alsın. Bank bu krediti ona müəyyən şərtlə istehlak krediti kimi yox, biznes krediti şəklində verib. O insan oturub düşünmür ki, bu biznes kreditidir, bir neçə yerə yönəlməlidir. Hansısa formada kredit çıxarıblar və problemlərini həll edib. Amma 18 min kreditin 17 min 500 dolları bağlanıb, bank bundan 54 min manat pul istəyir”.

    Kredit faizlərinə toxunan iqtisadçı deyib ki, ola bilər, vətəndaş banka əmanətini 8-10 faizdən yerləşdirir, bununla da resurs imkanları yaradır ki, bank bu vəsaiti götürüb ehtiyacı olan bir başqasına kredit şəklində versin. 8-10 faizlə yerləşdirdiyimiz əmanəti bank 30-35 faizlə başqa kreditə ehtiyacı olana verir: “Təbii ki, belə iş yoxdur, bir fəaliyyətdə ortalama rentabellik, yəni mənfəətlik göstəricisi var, bu 8-10, 12 faizdən yuxarı ola bilməz.

    Demək, bizdən əmanəti 10 faizlə qəbul edirsə, ən yaxşı halda 12-14, uzağı 15 faizlə verə bilər. Bunu 30 faizlə verəndə təbii ki, bank özü- özünü zərbə altına qoyur, əvvəlcədən kreditin geri alınma şərtlərini minimuma endirir. Problem həm vətəndaşdadır ki, gedib gözüyumulu kredit götürür, həm də bankdadır ki, tamahkarlıq ucbatından bu problemi həm cəmiyyətə yaşadır, həm də özü çətinə düşür.

    2 ilə yaxın bir vaxt ərzində 11 bank bağlandı, geridə qalan 10-15 bankın da vəziyyəti bağlanan bankların vəziyyətindən yaxşı deyil. Bank sistemində bu vəziyyəti yaratmaq nəyə lazımdır?”

    Problemli kreditlərin silinməsi məsələsinə gəlincə, Fikrət Yusifov hesab edir ki, hansısa kateqoriya üçün doğurdan da bağışlanması vacib olsa belə, bu, çox çətindir: “Kateqoriya söhbətini ortaya qoysaq, onda yenə spekulyativ məqamlar işə düşəcək. Ona görə də bu, bütünlükdə mürəkkəb məsələdir. Gürcüstandakı problemli kreditlərin silinməsi barəsindəki söhbət seçki kompaniyasında siyasi gediş idi, fikrimcə, bu, insanların marağını özünə cəlb etmək üçün xoşagəlməyən siyasi bir oyundur”.

    “Götürülən kredit mütləq qaytarılmalıdır”



    Sabiq deputat Əli Əlirzayev isə hesab edir ki, kredit qaytarılmalıdır, çünki bu, resursdur, xalqın və ya bankın ümumi vəsaitidir, kimsə verir, digəri isə o krediti alıb istifadə edir: ”Burda kredit faizindən yox, ümumi kreditlərdən söhbət gedir. Ümumi istehlak kreditləri, tikinti kreditləri, özünəməşğulluqla bağlı kreditlər var. Dövlət maraqlıdır ki, kredit verilsin, bankın da marağı var ki, verilən pulla alınan pul arasında faiz olsun, bu artım onun fəaliyyətini təmin eləsin.

    Kredit çox veriləndə ölkədə pulun miqdarı çox olur, alıcılıq qabiliyyəti itə, qiymətlər bahalaşa bilər. Ona görə kredit müəyyən məhdud çərçivədə olmalıdır.

    Elə kreditlər var ki, qaytarılmasa onu kim ödəməlidir? Hansı hesablarla ödənməlidir? Əgər onu dövlət silməlidirsə, bu, xalqın puludur. Bankdakı pulları isə kredit üzvləri qoyub, onun sahibi var.

    Ona görə də problemli kreditlərin silinməsi iqtisadiyyatın inkişafına mənfi təsir göstərir. Yalnız o kreditlər silinə bilər ki, qaytarılması qeyri-mümkündür, yiyəsi vəfat edib və ya başqa ciddi səbəb var.

    Deyək ki, vətəndaş təhsil krediti alıb, gedib oxuyub qaytara bilmir. Onu 10 ildən sonra qaytarsın, belə güzəştlər də mümkündür. Amma mənə elə gəlir, kreditlərin tamamilə silinməsi düzgün deyil”.

    “Daha yaxşı təcrübə…”



    İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, MDB məkanında ipoteka kreditlərinə güzəşt tətbiq edən Qırğızıstanla yanaşı, Rusiya da problemli kreditlərin həllində daha yaxşı təcrübəyə malik ölkələrdən hesab edilir: “Orta Asiya ölkəsində bağışlanan məbləğ az olsa da şimal qonşumuz kifayət qədər böyük məbləğdə kredit faizlərini silmişdi. Xarici valyutalarda olan kreditlərə güzəştin verilməsinin tərəfdarı kimi mən hələ 2015-ci ilin aprelində “üç tərəfli güzəşt mexanizmi” ilə bağlı təkliflərimi hökumətə təqdim etmişdim.

    İlk devalvasiyadan 3 ildən çox zaman keçdiyi bir halda, indi kreditlərə güzəştin tətbiq edilməsi mümkündürmü?

    2015-ci ilin apreli ilə müqayisədə bu kreditlərin əsas məbləğlərinin həcminin azaldığını nəzərə alsaq, fərqin konkret bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilməsi daha məqsədəuyğun olardı.

    Yəni, 2015-ci ildə “üç tərəfli güzəşt mexanizmi” aktual idisə, indi 2 tərəfli yanaşma daha uyğundur. Çünki əvvəlki təklif olunan güzəşt mexanizminin əsas iştirakçısı olan vətəndaşların müəyyən hissəsi artıq ödəniş edib.

    Fərqli formada olsa da, milli valyutada olan kreditlərə də güzəşt tətbiq edilə bilər. Belə ki, devalvasiya kredit öhdəliyi olan vətəndaşın xərclərini artırıb. Nəticədə manatla kreditin qaytarılması üçün ailə büdcəsinə ayrılan məbləğin həcmi azalıb.

    Digər tərəfdən, bu kreditlər üzrə faizlər yüksək olduğundan həmin kreditlərin qaytarılması müəyyən çətinliklər yaradır.

    Devalvasiyadan 3 ildən çox zaman keçdiyi üçün bu müddətdə borc öhdəliklərini artıq yerinə yetirmiş vətəndaşlarımız üçün digər stimullaşdırıcı tədbirlər tətbiq edilər bilər.

    Məsələn, onlar yenidən kreditə müraciət edən zaman daha aşağı faizli borc əldə etmək hüququ qazana bilərlər. Sözügedən vətəndaşlar üçün təşviq mexanizmlərinin işlənib hazırlanması mümkündür.

    Kompensasiyanın təklif olunması üçün ölkəmizin maliyyə imkanları var. Bu, birdəfəlik ödənişdir və bu baxımdan hökumət üçün gələcək öhdəlik yaratmır. Mərkəzi Bankın məlumatına görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 748 milyon manatdır. Bu isə o deməkdir ki, hətta qeydiyyata düşməyən problemli kreditlərin də məbləğini nəzərə alsaq, öncə təklif edilən istiqamətlər üzrə güzəştlərin məbləği təxminən 1 milyard manat olacaq. Bu məbləği Mərkəzi Bank ilə yüksək faizli kreditlərdən faydalanan bankların qarşılamaq imkanı var.

    Problemli kreditlərin həlli üçün 2008-ci ildən sonra 441 milyard dollara yaxın vəsait xərcləyən ABŞ təcrübəsi də daxil olmaqla praktika göstərir ki, güzəşt tətbiqi digər kreditlərin qaytarılması üçün çətinliklər yaratmır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR