Əhalinin kommunal borcları silinir? - Hər kəsin gözlədiyi xəbər
Ötən ildən gündəmdə olan kommunal borcların silinmə ehtimalı 2018-ci ildə reallaşa bilərmi? Millət vəkilləri və iqtisadçı-ekspert məsələyə aydınlıq gətiriblər.
«Ümumiyyətlə, borc niyə silinməlidir? Vətəndaş bu borcu nə üçün ödəyə bilmir? Bunlar araşdırılmalıdır. Elə insan var ki, imkanı var, amma deyir, mən ödəmirəm. Belə adamın borcu nə üçün silinsin?»
Bunu Topxəbər.az-a açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib. Onun sözlərinə görə, kommunal xərclərin silinməsi fantastik bir məsələdir: «Təbii ki, prezidentin bu sahədə müəyyən təşəbbüsləri olub. Sahibkarlara, fiziki şəxslərə dəstək məqsədiylə belə bir addım atılıb. Bu yaxında sığorta ödəyiciləri ilə bağlı borcların xeyli hissəsi silindi. Bütövlükdə, kommunal xərcləri silmək praktikası heç bir yerdə yoxdur və bunu gözləmirəm. İnsanların imkanı çatmadığı təqdirdə belə, silinə bilməz, büdcədən əvəzi ödənilməlidir. Çox böyük borc varsa, müvafiq qurumlar bunu araşdırıb, ödənilməsi yollarını tapa bilərlər. Bu borcları silmək asan deyil. Borcların silinməsi insanlarda daha çox məsuliyyətsizlik və yenidən borclar yaradacaq. Buna differensial yanaşmaq olar, əgər zərurət yaranarsa, hökumət qərar qəbul edə bilər»
Millət vəkili Tahir Rzayev isə borcların silinməsini həm məqsədəuyğun, həm də gözlənilən ola biləcəyini deyib: «Cənab prezident həmişə belə humanist addımlar atır. Məqsədəuyğun hesab edirəm. Sözsüz ki, ola bilər. Prezident bu qədər əfv fərmanı imzalayıb, bir çox tədbirlər həyata keçirilib, borcların bağışlanması halları olub. Müəyyən dövlət müəssisələri var ki, kommunal borclar yığılıb, ödəyə bilmirlər, o idarələr artıq iflas vəziyyətinə düşür. Bəzi aztəminatlı ailələr var ki, onların borcları toplanıb. Əlbəttə ki, bu, ölkə başçısının səlahiyyətlərinə aid olan bir məsələdir, insanların rifahını yaxşılaşdırmaq üçündür və mən bunu alqışlayıram»
İqtisadçı Vüqar Bayramov hesab edir ki, aztəminatlı ailələrin borclarının silinməsi təqdirəlayiqdir: «Bildiyiniz kimi, kommunal borcların silinməsi ilə bağlı qərar hökumət tərəfindən verilir. Buna görə də, yaxın günlərdə belə bir addımın atılıb-atılmayacağını söyləmək praktik olaraq, mümkün deyil. Nəzərə alsaq ki, dövlət müəssisələrinin kommunal borclarının silinməsi ilə bağlı müəyyən müddət öncə qərar qəbul edilmişdir. Bu baxımdan əhalinin, xüsusən də aztəminatlı ailələrin kommunal xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması məqsədəuyğun olardı. Nəzərə alsaq ki, son dövrlər müəssisələr arasındakı, eləcə də onların kommunal borclarının silinməsi ilə bağlı qərarlar qəbul edilib. Bu da birbaşa həmin idarələrin borc öhdəliklərinin azaldılmasına xidmət edir. Xüsusən, aztəminatlı ailələr var ki, onların borcları var və bu borcların müəyyən hissəsinin silinməsinin dövlət tərəfindən qarşılanması alqışalayiq olardı. Ya da ki,ödəmə qrafikinin dəyişdirilməsi ilə bağlı güzəştlər tətbiq edilə bilər»
Millət vəkili Aqil Abbas: «Əslində hamı suyun, işığın, qazın pulunu verməlidir. Borclar silinərsə, sevinərəm, çünki insanlar var ki, onu ödəməyə gücü çatmır. Belə bir qərarın da verilməsi dövlət başçısının səlahiyyətindədir»