Əli Mirəliyev: “Bizim verilişlərin hamısı yalandır, uşaq başı aldadırlar”
“Mən “Səhər-səhər” verilişindən, efirdən getməmişdim. Ayağım əzilmişdi, Həkim ayaqüstə dayanmağa qoymurdu. Zarafatla demişdim ki, verilişdən gedişimi Elgizdən soruşun. İndi yaxşıyam, efirə qayıtmışam”.
“Ölkə.Az” xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyev musavat.com-a açıqlaması zamanı deyib.
O, bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Evi təmir edəndə ayağım pilləkəndən sürüşdü, taxta ilə dəmirin arasında qaldı. Həkim efirə çıxmağı qadağan etdi. Mən də efirdə hoppanıb düşürəm, rəqs edirəm. Ayağıma ziyan idi. Ona görə də bir müddət evdə oturdum. İndi isə iş başındayam”.
İfaçı televiziyanı, verilişləri tənqid edənlərə də qoşulub: “Mən bizim telekanallara baxmıram, öz verilişlərimizi izləmirəm. Bizim verilişlərin hamısı yalandır, uşaq başı aldadırlar. Bir söz qalır, qıraqda… Elə mənə də aiddir. Bilirəm ki, o sözü demək olmaz, məcbur deyirəm. Həyatdır. Tənqidləri özümə də aid edirəm. Həyatda hər şey düz olsa, maraqsız olar. İnsan həyatı boyu nə isə əldə etməyə çalışır. İndi gənclər ailə təhsil alır, amma iş yoxdur. Sədərəkdə mal satır. Sovet vaxtında hamı işləyirdi, insanların ürəyində arzu vardı. İndi heç kim oxumaq istəmir. Telefon müasir gəncləri kor elədi, robotlaşdırdı. İndi hacılar da yalançıdır. Həccə gedir, sonra ölkəyə araq, pivə gətirib mağaza açır, onları satır. İş adamları da yalançıdır. Belə olmaz. Biz bu gün həyatın mənasını itirmişik. Bizim iş yerlərimiz yoxdur. Bir yerdə ki, insanlar işləyə bilmir… 10 manata görə ər arvadı öldürür, nəvə nənəni öldürür. Cavanlıqda böyük arzularım vardı. İndiki gənclərin dərdi məni götürüb. Biz bu həyatı gözləmirdik”.