Afaqın tələbələrin qarşısına belə çıxması qalmaqal yaratdı – Sərt reaksiyalar (Foto)
Müğənni Afaq Aslanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təşkil olunan konsert proqramındakı çıxışı qalmaqala yol açıb. Onun Novruz şənliyində tələbələrin önünə adətinə uyğun açıq-saçıq geyimdə çıxması ictimaiyyətin narazılığına səbəb olub.
Minval.info xəbər verir ki, təhsil ekperti Kamran Əsədov sözügedən olayla bağlı sərt şəkildə tənqidi fikirlə çıxış edib.
“Təhsilə bu qədər qeyri ciddi yanaşmaq olmaz. Baş verən hadisələr onu göstərir ki, təhsil adına heç bir addım atılmır, ya da atılır, ancaq pisləşməsi üçün. Azərbaycanın gələcəyi olan gənclərin, düşünən beyni, potensial işçi qüvvəsi olan tələbələrin qarşısına bunu buraxmaq nə deməkdir? Təhsil millətin gələcəyidir, amma siz onu məhv edirsiz. Özü də məhv etmək istiqamətində var gücünüzlə çalışırsınız. Bəlkə buna bir qonaqlıq təşkil edib tapşırıqlarınızdan verərsiz?” – Kamran Əsədov bildirib.
ADNSU-nun ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov Qafqazinfo-ya bildirib ki, A. Aslan tələbələrin istəyi ilə tədbirə dəvət edilib:
“Hər il universitetdə bayram şənlikləri təşkil olunur. Konsert proqramı tədbirin bir hissəsini təşkil edib. Biz bunun üçün təşkilatçı şirkətə müraciət etmişik. Həmin şirkət müəyyən müğənnilərin siyahısını hazırlayıb və Tələbə Həmkarlar Komitəsinə təqdim edib. Tədbir iki hissədən ibarət olub. Birinci rəsmi, ikinci isə konsert.
Afaq Aslan ikinci hissədə iştirak edib. Həmin şəxsin xarici görünüşü ilə bağlı onu deyə bilərəm ki, o geyimdə televiziya və digər mətbuat orqanlarında da çıxış edib. Sənətçilərin səhnə geyimləri bir qədər fərqli olur. Afaq Aslanı universitet yox, Tələbə Həmkarlar Komitəsi və konsert təşkilatçıları konsertə dəvət edib. Onlar da tələbələrin istəyini nəzərə alaraq belə addım atıblar. Konsertdə təkcə Afaq Aslan yox, muğam və digər musiqi növünün nümayəndələri də çıxış ediblər”.