Röya radioları "yıxdı-sürüdü", bəstəkar dəstəklədi — VİDEO
Bəstəkar-hüquqşünas Ruslan Əhmədoğlu əməkdar artisti Röya Ayxanın radiolarla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
R.Əhmədoğlu Ölkə.Az-a açıqlamasında deyib ki, Röya Ayxanın radioları tənqid etməsini dəstəkləyir:
"On gün bundan əvvəl öz şəxsi "Instagram" səhifəmdə bununla bağlı şərh yazmışdım! Üç gün bizim bəzi radiolarımızı dinlədikdən sonra başa düşdüm ki, hazırda Azərbaycanda Elnarə xanımın "Fab boya" mahnısından başqa Azərbaycanda hit yoxdur. Bundan əlavə səhər saatlarında bəzi radio verilişləri var ki, orada aparıcılar qeyri-etik zarafatlar edir, əcaib səslər çıxarır, ləhcələrlə danışan insanları və dolayısıyla bölgələrimizi lağa qoyurlar.
Radiolarda hər sahəyə aid verilişlərin olması çox gözəl haldır. Amma bunlar həftədə bir dəfə olsa, daha maraqlı olar. Çünki nə vaxt radionu açırsan, maşın ustaları 1997 ci ilin 250 min yol sürülmüş "çeşka"sına hansı yağlardan tökmək üçün məsləhətlər verirlər. Bəzi radiolarımız çox yaxşı olardı kı, musiqimizə yeni və köhnə mahnılarımıza daha çox diqqət ayırardı. Çünki səslənmədikcə bəstəkar mahnılarımız, bəstəkarlarımız unudulub gedir. Bu kimi halları nəzarət etmək üçün bir mexanizm hazırlanmalıdır və buna nəzarət edən qurum yalnız kommersiya haqqında düşünən radiolara müəyyən məhdudiyyətlər qoyulmalıdır!"
Qeyd edək ki, Röyaa Ayxan da sosial şəbəkədəki hesabında bununla bağlı video paylaşıb. O, radioların durumunu biabırçılıq adlandırıb:
"Doğrudan da biabırçılıqdır. Soruşun niyə? Maşında gedirəm və artıq 5-ci radioya çevirmişəm ki, türk mahnıları oxunur. Görəsən, biz bu qədər pul buraxırıq, bunların haqqını kim verəcək? Dörd gecədir Nihat Odabaşı ilə klip çəkirik. Sonra da yekə-yekə deyirik ki, türklər gəlir Bakıya bizimkiləri tanımır. Bizimkilər onların əlindən öpür. Düzdür, mən öpməmişəm. Amma öpənlərimiz çox olub. Radiolara səslənib deyirəm ki, ya işinizi bilin, ya da "işinizi bilin"! Çünki adam sizin üçün heç mahnı da oxuyub vermək istəmir. Ona görə də sonra deməyin ki, bizi heç kim görmür, saymır. Siz özünüz özünüzü saymırsınız. Sizə uğurlar olsun, qınından çıxıb qınını bəyənməyənlər!"