Beynəlxalq alimlərin apardığı araşdırma göstərib ki, yuxusuzluq insan beyninin və hormonların fəaliyyətinə təsir edərək iştahanı artırır və çəkini sürətləndirir.
Məlumata görə, gündə yeddi saatdan az yatan insanların sayı böyüklər arasında üçdə bir, gənclər arasında isə təxminən 75 faiz təşkil edir. Xüsusilə gecə növbələrində çalışanlar və təcili xidmət əməkdaşları bioloji ritmlərinin pozulmasına görə daha çox risk qrupuna daxildir.
Tədqiqat nəticələri göstərib ki, yuxusuz qalan şəxslərdə “aclıq hormonu” kimi tanınan qrelin artır, toxluq hissini tənzimləyən leptin isə azalır. Nəticədə insan özünü daha ac hiss edir və yüksək kalorili yeməklərə qarşı müqaviməti zəifləyir.
Funksional MRT müayinələri də təsdiqləyib ki, yuxusuzluq zamanı beyində qərarvermə və özünə nəzarətə cavabdeh bölgələrin aktivliyi azalır, həzz mərkəzlərinin reaksiyası isə güclənir. Bu isə şirniyyat və digər kalorili məhsulların daha “cazibədar” görünməsinə səbəb olur.
Bundan əlavə, yuxusuzluq insulinin təsirini 20–25 faiz zəiflədir, şəkərin qana sorulmasını pozur və onun piyə çevrilməsini sürətləndirir. Eyni zamanda, stress hormonu kortizol artır, bu da qarın nahiyəsində piylənməni gücləndirir. Uzunmüddətli perspektivdə bu, diabet və metabolik sindrom riskini artırır.
Alimlər bildirirlər ki, bir neçə gün keyfiyyətli yuxu hormonal balansı bərpa etməyə, “fast-food” tələbatını azaltmağa və maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.