Bu gün “İlaxır çərşənbə” qeyd olunur
Bu gün Azərbaycanda ilaxır çərşənbələrin sonuncusu qeyd olunur.
Bu çərşənbə xalq arasında "yer çərşənbəsi", "ilaxır çərşənbə" və ya "torpaq çərşənbəsi" kimi də tanınır. Digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.
Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimləri ilə də zəngindir. Həmin gün hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəmizin ən əziz qonağına çevrilir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür, onun daha zəngin olmasına çalışır. Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovurulur, plov süzülür, şirniyyat bişirilir. Adətə görə, bu naz-nemətin arasında adı "s” hərfi ilə başlanan yeddi cür nemət mütləq olmalıdır. Axı, 7 rəqəmi uğur rəmzidir. Çərşənbə süfrələrini isə milli xörək və şirniyyatlarımız bəzəyir. Şəkərbura, paxlava, qoğal, rəngli yumurtalar, şorqoğalı. Bütün bunlar qədim təsəvvürlərlə bağlıdır.
İlaxır çərşənbə xalqımız üçün çox əzizdir. Həmin gün küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır. İnanclara görə, ilaxır çərşənbədə ilkin olaraq hansı sözü eşitsən, ili o cür başa vuracaqsan. Həmin axşam yandırılan bayram tonqalının ətrafında insanlar dövrə vuraraq onun üstündən yeddi dəfə tullanar, üzərlik yandırar, "ağırlığım-uğurluğum odlara tökülsün” deyər, hamı bir-birinə bütün pisliklərin odda yanmasını arzulayar.