“Mənə işıq göstər” layihəsi çərçivəsində Bakı şəhərinin Xəzər rayonunda maarifləndirici görüş həyata keçirilib.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Mənə işıq göstər” layihəsi çərçivəsində sonuncu maarifləndirici görüş Xəzər rayonunda baş tutub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində həyata keçirilən tədbirdə layihə üzrə xüsusi təlim almış yaşlı təlimçilər erkən nikahın tibbi, psixoloji və sosial fəsadları ilə bağlı yerli icma nümayəndələri ilə bilik və təcrübələrini bölüşüblər. Görüş interaktiv formada təşkil olunub, iştirakçılarla qarşılıqlı fikir mübadiləsi və açıq müzakirələr aparılıb.
Yaşlı nəsil nümayəndələrinin yolgöstərən rolu bu layihənin əsas dayaq nöqtəsidir. Bu görüşdə də təlimçilər öz həyat təcrübələrinə əsaslanaraq, gənclərlə və valideynlərlə səmimi ünsiyyət qurub, ailə qurmağa dair sağlam və şüurlu yanaşmanın əhəmiyyətini vurğulayıblar.
Tədbirin təşkilində göstərilən dəstək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və onun Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə təşəkkürümüzü bildiririk!
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.