AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşanın xristian məbədləri – Müqəddəs İoan kilsəsi

  • + A
  • - A
  • 11-02-2021, 11:33


    Elnur Allahverdiyev,
    Milli Məclisin deputatı



    Şəkillərdən gördüyünüz kilsə Şuşadakı ikinci rus pravoslav məbədi olan Müqəddəs İoan kilsəsidir. Kilsə 1847-ci ildə inşa olunub. Buna baxmayaraq, 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalından sonra məbədin yeni “tarixi” başlayıb. Ermənilər tərəfindən uydurulmuş “tarixi”...
    Şuşanın işğal altında olduğu 28 il ərzində ermənilər kilsəni təmir edib, memarlıq üslübunu dəyişiblər. Köhnə və hazırki fotolara baxaraq bu fərqi aydın şəkildə hiss etmək olar. Kilsənin tarixi fotolarından da görünür ki, bina günbəz formasında olub. “Təmir”dən sonra günbəzdən əsər-əlamət qalmayıb. Erməni mənbələri Qarabağda və Ermənistanda memarlıq quruluşuna görə tayı-bərabəri olmayan kilsənin bənzərsizliyini belə izah edirlər... Daha doğrusu, heç cür izah edə bilmirlər. Qısaca desək, bu kilsə digərlərindən fərqlənir, vəssəlam. Yeri gəlmişkən, bir vaxtlar Müqəddəs İoan kilsəsi olan dini abidə son 28 ildə Erməni Apostol Kilsəsinə məxsus “Xanaç jam” məbədinə çevrilib. Halbuki Şuşada hər kəs bu məbədi sadəcə olaraq “rus kilsəsi” kimi tanıyıb.
    Vikipediyanın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, kilsə 1847-ci ildə köhnə taxta kilsənin yerində tikilib. Möcüzə baş verib, yaxud erməni memarları necə ediblərsə, taxta kilsədə mövcud erməni dilindəki yazılar yeni tikilmiş kilsənin divarlarında peyda olub. Erməni tarixçilərinə görə, “Xanaç jam” köhnə, XVIII əsrin “Qarabağtsots” taxta kilsəsinin üzərində inşa olunub. Təsəvvür edirsiniz? Kilsənin adına fikir verin: Qarabağ və tsots! Yəni bütün dünyaya car çəkdikləri “Artsax” deyil, türk toponimi Qarabağ! “Artsaxtsots” deyil, “Qarabağtsots”. Yeni daş kilsə isə Müqəddəs İoan kilsəsi adlansa da, “Xanaç jam”, yəni Yaşıl kilsəyə çevrilib. Belə ki, kilsənin günbəzi yaşıl rənglə boyanıb.
    Gördüyünüz şəkillərdən ikisini bu yaxınlarda erməni teleqram kanallardan biri paylaşmışdı. Paylaşımın məqsədinin Şuşanın “erməni şəhəri” olmasını sübut etmək olsa da, daha vacib məqam diqqətdən qaçmışdı: arxa fondakı kilsə erməni deyil, pravoslav məbədi idi. Necə deyərlər, ötən 28 ildə “yağışlar yağmış, çatlaqlar örtülmüşdü”. Beynəlxalq hüquqdan, qanunlardan kənar, separatçı xuntanın nəzarətində olan bölgənin şəhərlərindən birində mövcud olan kilsənin mənşəyi və kimə məxsusluğu ilə kim maraqlanacaqdı? Özləri uydurub, özləri inanmışdılar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR