Düşünürlər ki, xaricdə yığdıqlarını heç kəs əllərindən ala bilməz
Bəzi sabiq dövlət məmurları vəzifədən azad olunandan sonra onların çoxsaylı varidatları, mülkləri, şirkətləri, eləcə də vəzifədəki qohumları aşkara çıxır.
Məni düşündürən odur ki, hansısa sabiq məmur vəzifədə olarkən o qədər nəhayətsiz sərvəti nə üçün yığır, necə qamarlayır, sayagəlməz şirkətləri hansı səbəbdən daha çox xarici ölkələrdə yaradır və qohumlarını hansı ehtiyacdan hər sahədə vəzifələrə yerləşdirməyə çalışır? Bu məsələlərin mənəvi tərəfləri olmadığı üçün gəlin, “Napoleonluq xəstəliyi”ni əsas götürərək qoyulan suallara psixoloji səbəblərini şərh edək. Yazının bu yerində kimsə deyəcək ki, bəs sabiq olmayan, amma oxşar əməllərə qol qoyanlar barədə nə deyərdin? Mən heç nə deməzdim, çünki Atalarımız belə söyləyib: “Tutulmayan oğru, – xandan, bəydən doğru.”
Bəzi sabiq məmurlar o qədər sərvəti nə üçün toplayırlar?
Napoleonluq – deyilən bir anlayış var. Bu həm də psixoloji pozuntu, xəstəlik kimi qəbul edilir. Bu anlayışın mahiyyətində dünyaya, yaxud sərvətlərə müxtəlif yollarla sahiblənmək düşüncəsi dayanır. Məsələn, məşhur yazıçı Onore de Balzak iş otağına Napoleona xitabən plakat yazıb yapışdırıbmış ki: “Sənin silahla fəth edə bilmədiyin dünyanı, mən qələmlə fəth edəcəyəm”. Ona görə də məşhur yazıçı gecə-gündüz yazırmış, o, nəticədə öz oxucularına dahiyanə əsərləri ilə yanaşı xeyli boşboğazlıq nümunələri də yadigar qoyub. Eyni tamahla da bəzi məmurlar dövlət sərvətlərini “mənimsəyiblər”.
O qədər sərvəti necə mənimsəyirlər?
F.M.Dostoyevsknin “Cinayət və cəza” romanının qəhrəmanı tələbə Raskolnikov sələmçi qarını baltanın küpü ilə öldürür, bir neçə dəqiqə sonra otağa daxil olan həmin qadının bacısını isə baltanın ağzı ilə o dünyalıq edir. Baltanın küpü ilə adam öldürmək səriştəsizlik göstəricisidir, çünki baltanın küpü daha çox insanı əzir, baltanın ağzı isə kəsir. Deməli, insan günaha, cinayətə batandan 3-5 saniyə sonra artıq təcrübə toplamış – peşəkar qatilə çevrilmiş olur. İnsanı günaha batıran, nadürüstlüyə zövq edən məsələlərdən biri də nadürüst işlərdə qazandığı təcrübədir. Pis işlərdən qazanılan təcrübə qorxuncdur. Peşəkar qatilləri, “usta” fırıldaqçıları və sair xatırlayın. Bəzi sabiq dövlət məmurları da belədir, onlar da sərvət “xortumlamaqda” peşəkardırlar.
Napoleonluq həm də şərin peşəkarlığı deməkdir. Əgər Raskolnikov 3-5 dəqiqə ərzində peşəkarlaşırsa, bəs bizim sabiq məmurlar on illər ərzində nə üçün böyük təcrübə sahibi olmasınlar?
Bəs əksər sabiq dövlət məmurları sərvətlərini nə üçün xarici ölkələrə daşıyırlar?
Onlar düşünürlər ki, xarici ölkələrdə onların yığdıqlarını heç kəs əllərindən ala bilməz, orada mülkiyyət toxunulmazlığı daha sərt qanunlarla qorunur və sair. Yaxud da nə zamansa özləri və övladları biznesləri olan ölkələrə köçüb qayğısız yaşayacaqlarını düşündükləri üçün hələ vəzifədəykən belə addımlar atırlar. Bu üzdə olan səbəblərlə haradasa razılaşmaq mümkündür, bəs dərindəki psixoloji səbəb nədir? İnsan nə üçün burda oturub xoşbəxtliyini daha uzaqlarda axtarır? Bu məsələdə də psixoloji səbəb Napoleonluq xəstəliyi ilə əlaqəlidir: Sabiq məmur öz biznes layihələri ilə xarici ölkələrin hansısa yerlərini işğal etdiyini, aldığını, özününküləşdirdiyini düşünür. Napoleon hansısa ərazilərdən qoşunları ilə birgə çıxanda, yaxud buna məruz qalanda orada çox vaxt “kiçik koloniya” “saxlayırdı”, bununla da həmin yerlədə nəfəsini hiss etdirmiş olurdu. Yəni, “orada məndən nəsə var” düşüncəsi onları növbəti dəfə onu həmin yerə qayıtmağa sövq edirdi. Qəribədir ki, qatil də çox zaman cinayət törətdiyi yerə mütləq qayıdıb bir də baxmaq istəyir. Bu, anlaşılmaz və psixoloji bir cəzbdir.
Nə üçün əksər sabiq məmurlar öz qohumlarının müxtəlif vəzifələrə təyin olunması üçün çalışırdılar?
Üzdə olan səbəb budur ki, onlar yüksək mövqedə olanda güclərinə güc qatırlar, dövlət içində dayaqlarını möhkəmlədirlər və sair. Əgər belədirsə, vəzifədən sonra bilmirlər ki, qurduqları domino daşları da bir-bir aşacaq? Təbi ki, bilirlər. Bəs bilə-bilə nə üçün bu uçuruma doğru mətin addımlarla irəliləyirlər?
Çünki Napoleonluq xəstəliyinin mahiyyətində həm də bu düşüncə dayanır: Napoleon ona itaət edənləri, tabe olanları dünyanın hər yerinə göndərirdi. Bununla da onu yaxşı tanıyan insanları cəmiyyət arasına yayaraq öz gücünü başqalarının vasitəsilə ətrafdakı insanlara göstərirdi.
Yuri Borev “Staliniada” kitabında Stalinin də psixoloji xəstəlik sayılan Napoleonluq mərəzinə yoluxaraq insanları öldürdüyünü belə izah edirdi: “Stalin öz şöhrətinə görə ona borclu olmayan tanınmış adamları sevmirdi. İnsanlar şöhrəti yalnız Stalinin əlindən almalı idi”. Yəni Stalin də Napoleon kimi özü insan yaratmağı sevirdi. Bəzi sabiq məmurlar kiməsə vəzifə verməyə “insan yaratmaq” kimi baxırdılar...
İndi kimsə çıxıb soruşa bilər ki, sən bizim bəzi sabiq məmurları Napoleonla müqayisə edirsən, səncə, onlar Napoleon qədər əzəmətlidirlər? Xeyr. Onlar Napoleon deyillər, sadəcə onların tutduqları xəstəlik Napoleonluqdur. Hərə öz maştabına görə Napoleonluq edib... Məsələn, biri var, yaponiyalı alimlər sayaq kimi “Səmanın fəthi” layihəsi üzərində çalışaraq göy üzü haqqında araşdırma aparasan, ucalığın gələcək sakini olmağa can atasan. Biri də var göyərçin saxlayaraq səmanın xırdalıqlarını öyrənib orada yaşamaq eşqinə düşəsən. Bizim bəzi sabiq məmurların vəzifədə olarkən ucalmaq iddiaları bu müqayisədə ikincilərə uyğun gəlir...