AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qlamur bölgəyə qlamur səyahət növü - Bakı-Qəbələ sürət qatarından REPORTAJ

  • + A
  • - A
  • 24-05-2021, 02:04


    Ötən həftə mənim yadımda mediaturlarla qaldı. "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Natavan xanım zəng edib media üçün təşkil edilmiş Qəbələ media-turuna dəvət edəndə məmnuniyyətlə dəvəti qəbul etdim. Pandemiyanın bizə 1 ildən artıq yaşatdığı qapanma stereotipini qıracaqdı bu səfər. Üstəgəl, çoxdandı görüşmədiyim, bəzisini yalnız sosial şəbəkə üzərindən tanıdığım həmkarlarla real görüş gözləyirdi məni. Deyilən vaxt perrona daxil olanda həmkarların əksəriyyəti artıq toplaşmışdı.

    Biz qatarın ilk sərnişinləri sayılırıdıq. Qapıda bizi gülərüz bələdçi xanımlar qarşıladı. Əllərimizi spirtlə dezinfeksiya edib, qısa zaman sonra hamımız bizi Qəbələyə aparacaq 4 vaqondan ibarət qatara yerləşirik, təbii ki, pandemiya qaydalarına uyğun olaraq ikimərtəbəli vaqonlara dağılışırıq.
    Vaqonlar təmiz, səliqəli və kondisionerlidir. Hərə öz yerini tutandan sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natavan Bayramova jurnalistlərə məlumat verir ki, indiyədək Bakıdan Ləki stansiyasına qədər dəmiryolu olub. Amma Ləkidən Qəbələyə yeni çəkilən dəmiryol xətti sayəsində artıq Ləkidən Qəbələyə qatarla getmək mümkün olacaq. O bildirir ki, Ləki–Qəbələ birxətli dəmiryolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb.

    Dəmiryol xəttinin uzunluğu ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,5 km təşkil edir. Ləki-Qəbələ birxətli dəmiryol xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90 m) və tökmələrdən (12 m) keçir. Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) süni mühəndis qurğusu, Ağdaş dəmiryol dayanacağı, Qəbələ dəmiryol stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmir işləri aparılıb. N.Bayramovanın bildirdiyinə görə, Bakıdan Qəbələyədək dəmiryol xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Bu, şəxsi maşınla Qəbələyə çatdığımız vaxta bərabərdir.
    Dəmiryol xəttində İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli sürət qatarından istifadə olunur. Qatar standart, biznes və birinci sinif vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci sinif yerlərdir. Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlığını təmin etmək məqsədilə 16855 paqonmetr beton qanov, 430 paqonmetr drenaj xətti və 277 paqonmetr istinad divarının tikintisi tamamlanıb. Dəmiryoluna paralel olaraq layihə üzrə 10 kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xətti və kontakt şəbəkəsi quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib. Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmiryolunun təhkim zolağı boyunca 84600 paqon metr metal hasar quraşdırılıb.
    Hamımızı maraqlandıran ilk sual biletin qiyməti ilə bağlı idi
    Natavan xanım hələ ki qatarda gediş haqqının müəyyən olunmadığını söylədi, bildirdi ki, Bakı-Qəbələ qatarında gediş haqqı tarifi müəyyən olunduqdan sonra bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.

    Nəliyyat üzrə ekspert Rauf Ağamirzəyev də media-turda iştirak edirdi. Ona da biletin qiyməti ilə bağlı sual verilir. Ekspert deyir ki, qatarda gediş haqqı tarifi barədə indidən qəti fikir söyləmək mümkün olmasa da, dəmiryolu ilə Bakıdan Qəbələyə olan məsafə ilə Bakıdan Gəncəyə məsafə arasında ciddi fərq yoxdur. Ona görə də qiymətlər də Bakı-Gəncə qatarında olduğu kimi müəyyənləşə bilər.
    Qəbələ Azərbaycanda turizmin ən çox inkişaf etdiyi bölgələrdən sayılır. Turistlərin Qəbələyə əlverişli və rahat ictimai nəqliyyat vasitəsi ilə gedib-gəlməsi mümkün deyildi. Çünki minik avtomobilləri ilə səfər yorucudu. Bakıdan Qəbələyə yeni dəmiryol xəttinin çəkilməsi isə artıq turistlərin ölkəmizin bu qlamur guşəsinə qatarla səyahət etməsinə imkan yaradıb.
    "Azərbaycan Dəmir Yolları" QSC və Dövlət Turizm Agentliyinin birgə təşəbbüsü ilə jurnalistlər üçün Qəbələyə qatarla təşkil olunan səfərin məqsədi də elə yeni çəkilən dəmiryol xəttinin bu bölgədə turizmin inkişafında əhəmiyyəti barədə ictimaiyyətin məlumatlandırılması idi.

    Bakı-Qəbələ sürət qatarında oturacaqlar əyləşmək üçün çox rahatdı. Sərnişinləri bir nömrəli maraqlandıran sual, onların darıxmaması üçün wi-fi bütün vaqonlara quraşdırılıb. Sürət qatarında hər vaqonda sanitar qovşaq var və orada əl-üz yumaq üçün isti-soyuq su, xüsusi zibil qutuları, gigiyenik vasitələr də qoyulub. Qatarda təhlükəsizlik kamerası, əlillərin rahat minib-düşməsi üçün qurğu, geyimlərin asılması üçün asılqan, divarlarda hərəkət trayektoriyasını, saatı, havanın dərəcəsini göstərən elektrik lövhələr quraşdırılıb. Bu qatarların digərlərindən bir çox xüsusiyyətlərinə görə fərqləndiyi göz önündə idi. Elə səfər zamanı sosial şəbəkədən qatarın mənzil başına çatma müddəti ilə maraqlananlar bəzən avtomobillə daha tez çatdıqlarını dedi, lakin onlar unudurlar ki, geniş və işıqlı salonu olan vaqonlarda sərnişinlərin yorulduğu halda durub rahat gəzməsi də mümkündür. Bir nüansı da qeyd edim ki, əvvəlki qatarlarda olan əfsanəfi əsəbsakitləşdirən səs sürət qatarında ikinci mərtəbədə demək olar ki, hiss olunmur. Birinci mərtəbədə az da olsa, o həzin səsi duymaq olur. Gülərüz personal tez-tez isti və soyuq içkilərə, şirniyyatlara qonaq edirdi.
    Sözün düzü, sürət qatarına minərkən qısa müddətdə mənzil başına çatacağımızı düşünsəm də, qatar yolu yaşayış məntəqələrindən keçdikcə qatarın sürəti azalırdı. Natavan xanım açıqlayır ki, yolların vəziyyətindən asılı olaraq qatar tam sürətlə hərəkət edə bilmir.
    Qəbələyə çəkilən dəmiryol xəttinin turizm baxımından əhəmiyyəti barədə elə qatardaca bizimlə səfər edən, pandemiya səbəbindən hər kəsə ayrı-ayrılıqda açıqlama verən, bəlkə də bundan yorulan Dövlət Turizm Agentliyinin Regional Turizm İnkişafı Sektorunun müdiri Elgün Cavadov məlumat verir. O bildirir ki, Ləki-Qəbələ birxətli dəmir yolunun açılışı regional turizm üçün önəmli hadisədir. Azərbaycan kimi coğrafi baxımdan bir o qədər də böyük olmayan ölkələrdə qatarla səyahət çox vacibdir. E.Cavadov bildirir ki, Ləki qatarı Şəki-Zaqatala, Qəbələ-İsmayıllı regionunun turizm potensialının nümayiş etdirilməsi və gücləndirilməsi baxımından böyük önəm daşıyır:
    “Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas turizm mərkəzlərindən hesab olunur. Bu baxımdan ilin bütün mövsümlərində Qəbələ turist cəlb edən yeganə məkanlardan biri hesab olunur. Çünki burada həm qış turizm növləri, həm də yayda turizm üçün yetərli qədər imkanlar var. Bu gün qatarın məhz Qəbələyə çəkilməsi təsadüfi deyil və olduqca vacibdir”.
    Dəmiryol nəqliyyat vasitəsi turistlər üçün çox cəlbedicidir. Həmçinin bu nəqliyyat növü digərlərinə nisbətən daha təhlükəsiz hesab olunur. Onun sözlərinə görə, qatarla səyahət edən turistlər ətrafdakı mənzərəni daha rahat seyr edə bilirlər. Bu isə onlara səyahət zamanı zövq verir. Agentlik rəsmisi deyir ki, qatar sərnişinlərin getdikləri yerə daha rahat çatma baxımından daha sərfəlidir. Onun sözlərinə görə, Bakı-Qəbələ dəmiryolunun çəkilməsi Qəbələyə turist axınını qoruyub saxlamaq üçün mühüm əhəmiyyət kəsb edəcək.
    Oturmaqdan yorulub vaqonları gəzməyə, foyelərdən çölə baxmağa başlayırıq. Qatar hərəkət etdikcə mənzərələri seyr etmək insana zövq verir. O yerlərə yolum az düşdüyü üçün yol mənə daha maraqlı gəlirdi. Adlarını bilməsəm də, 2 kiçik gölü maraqla seyr etdim. Komfortlu sürət qatarının mənzil başına çatdığını, demək olar ki, hiss etmədik. Yeni inşa olunan Qəbələ Dəmiryol Vağzalının foyesi də vaqonları kimi təmiz, səliqəli, sərindir. Jurnalistlərə məlumat verildi ki, pandemiya səbəbindən Abşeron dairəvi dəmiryol xətti istisna olmaqla, ölkədaxili və beynəlxalq istiqamətlərdə ötən ilin mart ayından sərnişin daşımaları dayandırılıb. Dəmiryolu ilə sərnişindaşıma bərpa edildikdən sonra Bakı-Qəbələ qatarı ilə bu bölgəyə səyahət etmək mümkün olacaq.

    Qəbələ Dəmiryol Vağzalı Kürd kəndində gerləşir. Sakinlər açılış gününü səbirsuzliklə gözləyir. Velosiped və avtomobilləri ilə açılışı izləməyə gələnlərin üzündən bunu hiss etmək olur. Vağzal sərnişin qəbul etməyə başlasa, kənd camaatı taksi fəaliyyəti göstərməklə, xırdavat, meyvə alveri etməklə güzəranlarını yaxşılaçdıracaqlarını düşünürlər.
    Öyrənirik ki, Qəbələ Dəmiryol Vağzalını Qəbələnin mərkəzi ilə 20 kilometrlik məsafə ayırır. Vağzal Qəbələ Hava Limanına yaxın yerləşir. Rayonun mərkəzinə gedən yol rahatdır, təmirlidir. Qatarla gələn sərnişinlər 15 dəqiqəyə Qəbələnin mərkəzinə və əks istiqamətə gedə bilərlər.
    Yaqin ki, gələcəkdə Qəbələ Dəmiryol Vağzalından rayonun mərkəzinə sərnişinlərin daşınması üçün marşrut xətti də açacaqlar.
    Səyahət o qədər maraqlı keçdi ki, saat 18.00-da geri qayıtmaq nəzərdə tutulsa da, 20.00-da geri qayıtmaq üçün vaqonlarda yerlərimizi tuturuq.
    Gəldiyimiz sürət qatarı ilə də Bakıya döndük. Bütün fəsillərdə turist qarşılamağa hazır olan Qəbələyə yenidən qatarla səyahət edəcəyimiz arzusuyla füsunkar təbiətli Qəbələ səfərimiz xoş təəssüratlarla başa çatır.

    Elnurə Abuşova,
    BAKI-QƏBƏLƏ-BAKI










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR