AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMEA-nın öz möhtəşəmliyi ilə seçilən tarixi memarlıq abidələrinin yaranma tarixi

  • + A
  • - A
  • 8-06-2021, 13:35


    Ölkəmizin nadir memarlıq incilərindən olan AMEA-nın tarixi binaları
    Təkcə Qafqazda dеyil, еləcə də Yахın Şərqdə qədim şəhərlərdən biri hesab olunan Bakıda müxtəlif dövrlərdə çoxlu sayda tarixi-memarlıq abidələri ucaldılmışdır. Bu abidələr Şərq və Qərb memarlıq üslublarını özündə yüksək səviyyədə qovuşdurmaqla hər zaman cazibədar olmuş, Bakını dünya memarlığının mərkəzlərindən birinə çevirmişdir.
    XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı dünyanın ən nadir memarlıq üslublarına xas möhtəşəm binalarla bəzənmişdir. Qədimlik və müasirliyi birləşdirən bu memarlıq abidələri insanları ilk baxışdan özünə cəlb edir, heyranlıqla qarşılanır.
    Azərbaycan paytaxtının ümumi mənzərəsinin daha da kamilləşməsində milli memarlıq məktəbinin tanınmış nümayəndələrinin böyük xidmətləri olmuşdur. Paytaxtımızın mərkəzində vaxtilə milyonçular tərəfindən tikdirilən, yaşı yüzü ötmüş möhtəşəm binalar illər keçməsinə baxmayaraq, hələ də öz cazibədarlığını, gözəlliyini qoruyub saxlaya bilmiş, illərin sınağından uğurla çıxmışdır. Həmin tikililər bu gün də öz möhtəşəmliyi ilə seçilir.
    Bu tikililər arasında hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyində olan, Akademiyanın bir sıra institut və təşkilatlarının, muzeylərinin yerləşdiyi binalar özünəməxsus yer tutur.
    XX əsrin əvvəllərində tikilən və bu gün də arxitektur baxımından Bakıya xüsusi gözəllik verən abidələr sırasında hazırda AMEA Rəyasət Heyətinin yerləşdiyi “İsmailiyyə” binası xüsusilə fərqlənir. Tikildiyi dövrdən bu günə qədər xalqımızın tarixində zaman-zaman baş vermiş bir çox tarixi hadisələri özündə yaşadan, Azərbaycanın müstəqillik ideyalarının ilk dəfə səsləndiyi bu bina həm də tariximizin yaddaşıdır.
    Bakı milyonçuları neft milyonçusu Ağamusa Nağıyevə vərəm xəstəliyinə tutularaq dünyadan erkən köçən oğlu İsmayılın xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirməsini təklif etmişdir. Beləliklə, A.Nağıyev tərəfindən binanın əsası 1907-ci ildə qoyulmuş, yeni binanın layihəsini hazırlamaq mülki mühəndis İosif Ploşkoya həvalə olunmuşdur. “İsmailiyyə” binasının tikintisi 1913-cü ildə başa çatmış və memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınmışdır.
    Memarlıq üslubu baxımından olduqca heyrətamiz tikili olan “İsmailiyyə”nin divarlarına həkk olunmuş naxışlar bu gün də insanların böyük marağına səbəb olur.
    Azərbaycan şəhərsalma və memarlığının inkişafında keyfiyyətcə yeni dövr hesab olunan 1960-cı illərdə Bakı şəhəri paytaxt tipli böyük şəhərə çevrilmişdir. Bakının ən görkəmli yerlərində şəhərin simasını müəyyən edən müasir binalar, əzəmətli memarlıq abidələri ucadılmışdır. Bunların böyük əksəriyyəti o zaman Azərbaycanın rəhbərliyinə gəlmiş ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə və fəal nəzarəti altında layihələndirilib tikilmişdir.
    Bu dövrdə yaradılmış, paytaxtımızın təkrarsız görkəmə malik müasir şəhərə çevrilməsinə səbəb olan Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binası öz möhtəşəmliyi ilə hər kəsi valeh edir. AMEA və onun elmi-tədqiqat institutlarının böyük bir hissəsi məhz keçən əsrin 60-cı illərində memar Mikayıl Hüseynovun layihəsi əsasında tikilmişdir. Binalar klassik memarlıq xüsusiyyətləri ilə modern memarlıq üslubunu özündə birləşdirib.
    Hazırda AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu kimi fəaliyyət göstərən milli mesenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbi binasının layihə müəllifi 1892-1904-cü illərdə Bakının baş memarı olmuş İ.V.Qoslavskidir. Orta əsrlər Şərq memarlığının ən gözəl elementlərini özündə əks etdirən bu bina 1898-1901-ci illərdə inşa edilmişdir.
    1918-ci il dekabrın 7-də H.Z.Tağıyevin Qızlar məktəbinin binasında İslam Şərqinin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təntənəli açılış mərasimi baş tutmuşdur. Həmin ilin 24 iyun tarixində Cümhuriyyətin ilk bayrağı da məhz bu binada qəbul edilmişdir. Beləliklə, milli maarifçiliyə xidmət məqsədilə inşa olunan bina Cümhuriyyətimizin qanunverici orqanının yerləşdiyi strateji əhəmiyyətli obyektə çevrilmişdir. Burada 27 aprel 1920-ci il tarixinədək – Cümhuriyyətin süqutuna kimi parlamentin ümumilikdə 145 iclası keçirilmişdir. Cümhuriyyət dövründə ilk dəfə təşkil olunan İstiqlal Muzeyi də məhz bu binada fəaliyyət göstərmişdir.
    1920-37-ci illərdə görkəmli mütəfəkkir şair-dramaturq Hüseyn Cavid binanın üçüncü mərtəbəsində yaşamışdır. 1982-ci ildə isə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu buraya köçürülmüşdür. Hazırda binanın böyük hissəsində Əlyazmalar İnstitutu, üçüncü mərtəbənin mərkəzi hissəsində Hüseyn Cavidin ev-muzeyi, kənar hissəsində isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası fəaliyyət göstərir.
    Tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuş AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina H.Z.Tağıyevin yaşayış evi olmuş, Bakı şəhərinin baş memarı İ.V.Qoslavskinin layihəsi əsasında inşa edilmişdir. Binanın simmetrik baş fasadı italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubdadır.
    AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası 1860-cı illərdə ikimərtəbəli karvansaray kimi memar Məşədi Qasım bəy Hacıbababəyovun layihəsi əsasında qotik üslubda tikilmişdir. 1914-15-ci illərdə memar A.A.Nikitin binanın layihəsində bir sıra dəyişikliklər etdikdən sonra burada “Metropol” oteli fəaliyyət göstərmişdir. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamış və fəaliyyət göstərmişlər. 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası bu binada yerləşmişdir.
    Muzeyin yaradılmasına XX əsrin 40-cı illərinin əvvəllərindən başlanılmış, Azərbaycanın ən seçmə sənətkarları milli söz ocağının yaradılmasına cəlb edilmişdir.
    Muzey “Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi xatirə muzeyinin təşkili haqqında” Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli sərəncamı ilə yaradılmışdır. Lakin onun açılışı 1945-ci il may ayının 14-nə təsadüf edir. Memarlar – Sadıq Dadaşov və Mikayıl Üseynovun layihəsi əsasında təmir işləri aparılmış, baş fasadda heykəllər quraşdırılmış və daha iki mərtəbə tamamlanmışdır. Binanın fasadında Azərbaycanın görkəmli şairləri və yazıçılarının (Məhəmməd Füzuli, Molla Pənah Vaqif Mirzə Fətəli Axundov, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlı) heykəlləri quraşdırılmışdır. Sonradan Nizami xatirə muzeyi Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilmişdir.
    1959 və 1967-ci illərdə muzey hərtərəfli bərpa edilmiş, genişlənmişdir. Muzey 2004-2009-cu illərdə təmir və restavrasiya olunmuşdur. Sərginin sahəsi 2500 kv. metrədək artırılmışdır.
    Şərq və Qərb memarlığı ənənələri ilə tərtib edilmiş AMEA-nın Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olmuşdur.
    1925-ci ildə bağ dövlət mülkiyyətinə keçmiş, sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924-1926-cı illərdə Ümumittifaq Tətbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926-1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936-1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945-1964-cü illərdə Elmi Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası, 1964-1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir.
    1966-1996-cı illərdə AMEA Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur. Mərdəkan Dendrarisi 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmləri Bölməsinin qərarı ilə bu bölməyə tabe edilmiş, ona hüquqi status verilmişdir.
    2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adını almışdır.
    Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağı ilə qarşılıqlı əməkdaşlıq edir.
    Ölkəmizdəki hər bir tarixi-memarlıq abidəsini, Bakının bugünkü görkəmini əks etdirən nadir memarlıq incilərini, o cümlədən AMEA-nın tabeliyində olan tarixi binaları milli-mədəni sərvət kimi qoruyub saxlamaq, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların rolunu gücləndirmək və ölkəmizə gələn çoxsaylı qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək hər birimizin əsas vəzifələrindən biridir.

    Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR