19 yanvar saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qürur mənbəyimiz olan şəhid və qazilərimizə, eləcə də Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr edilən "Bir nəfəs qədər" (pyesin müəllifi: Samir Qulamov) tamaşası oynanıldı.
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Musiqi seçimi o qədər peşəkarlıqla seçilmişdi ki, simfonik musiqinin sehrindən hələ də ayrıla bilmirəm. Təbii ki, burda musiqiçilərin və dirijorun da danılmaz xidmətini qeyd etməliyəm.
Teatrın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Fəridə xanım Aslanova məlumat verir ki, tamaşada Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Əmrah Dadaşov, Elçin İmanov, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, Hüseyn Əlili, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev iştirak ediblər.
"Bir nəfəs qədər" tamaşası bir hissəli idi. Tamaşada müharibənin ilk günlərində müharibəyə getməyə cəhd edən sağlamlığı məhdud vətənpərvər gənclərin xeyli mücadiləsindən sonra cəbhəyə yollanmasından, Şəhid analarının çəkdiyi iztirablardan, cəmiyyətin şəhid analarına ehtiramlı münasibətindən peşəkarlıqla bəhs olunur. Övladlarının şəhid olma xəbəri anaların ürəyini dağlasa da, qürurlu şəhid anaları, ailələri şəhidlərimizi bir nəfəs qədər özlərinə yaxın hesab edir...
Tamaşa Xocalı faciəsinin ildönümündə təkrar səhnəyə qayıdacaq. Bu dəfə fürsəti qaçırmamağı tövsiyə edirəm.
Elnurə Abuşova