AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında A.Borodinin "Qıpçaq rəqsləri" baletinin premyerası keçiriləcəkdir

  • + A
  • - A
  • 1-10-2021, 20:48


    Pandemiya ilə əlaqədar uzun fasilədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı fəaliyyətini bərpa etmişdir. Sentyabrda Teatrda Üz.Hacıbəyli XIII Beynəlxalq musiqi festivalı çərçivəsində Üz.Hacıbəylinin "Leyli və Məcnun" və C.Verdinin "Traviata" operalarının tamaşaları böyük uğurla baş tutmuşdur.
    Oktyabrın 9-da isə görkəmli rus bəstəkarı Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletinin premyerası keçiriləcəkdir. "Qıpçaq rəqsləri" ilə yanaşı həmin axşam daha bir tamaşa - N.Rimski-Korsakovun "Şəhrizad" baleti də nümayiş olunacaqdır.
    Bəstəkar A.P.Borodin "Knyaz İqor" operasının bir hissəsi olan "Qıpçaq rəqsləri"ni 1875-ci ilin yayında Moskvada qələmə almışdır. Bütünlükdə bəstəkar bu opera üzərində 18 il işləmiş. lakin tam olaraq yazıb başa çatdırmamışdır. Borodinin ölümündən sonra onun musiqi materialları əsasında A.Qlazunov operanı tamamlamış, N.Rimski-Korsakov isə klavirin böyük bir hissəsini orkestr üçün işləmişdi. Operanın premyerası 23 oktyabr 1890-cı ildə Sankt-Peterburqun Mariinski teatrında baş tutmuş, xoreoqraf L.İvanovun quruluş verdiyi "Qıpçaq rəqsləri" tamaşaçılarda dərin təəssürat oyatmışdı. Sonradan "Qıpçaq rəqsləri" müstəqil balet tamaşası kimi bir çox teatrlarda səhnəyə qoyulmuşdu.
    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşunda "Qıpçaq rəqsləri" baleti rəngarəng dekorasiyaları və zəngin kostyumları ilə diqqəti cəlb edir. Tamaşanın quruluşçu baletmeysteri Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədovdur (M.Fokinin xoreoqrafiyası əsasında). Musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssam Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.
    Tamaşada əsas partiyaları Əməkdar artist Nigar İbrahimova, Xalq artisti Gülağası Mirzəyev, truppanın gənc solistləri Fatimə Xələfova, Zəhra Tanrıverdiyeva və Seymur Qədiyev ifa edəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR