AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kukla Teatrının 90 illiyi qeyd edilib

  • + A
  • - A
  • 27-12-2021, 15:04


    Dekabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçirilib.

    Mədəniyyət Nazirliyi nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecədə teatrın keçdiyi uzun və zəngin yola nəzər salınıb.

    Əvvəlcə mədəniyyət naziri Anar Kərimovun yubileylə bağlı təbrik məktubu oxunub. Bildirilib ki, Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Xorvatiya, Rusiya, Gürcüstan və başqa ölkələrdə teatr uğurla çıxış edib. Teatrın hazırladığı tamaşalar hər zaman azyaşlı tamaşaçıların rəğbətini qazanıb.

    Yola salmağa hazırlaşdığımız 2021-ci ilin möhtəşəm yubileylərlə yadda qaldığını bildirən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib ki, bu il 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Qələbədən bir il ötür. Bu il həm də dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlərlə qeyd edilib: “Bu silsilədə bu gün yaranmasının 90 illiyini qeyd etdiyimiz Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının da öz yeri var. Kukla teatrı, teatr aləmində vacib bir fenomendir, çünki uşaqların zövqünü formalaşdıran, onların teatr aləminə marağını açan yeganə mədəniyyət ocağıdır.

    İncəsənətin televizor və kompüter, telefon ekranları ilə rəqabətdə olduğunu deyən Elnur Əliyev bildirib ki, bu rəqabətdə üstünlüyü saxlamaq üçün canlı ünsiyyət mühüm amildir. Canlı tamaşalar həm də uşaqlarda milli dəyərlərin formalaşması baxımından vacibdir. Nazir müavini Kukla Teatrının bu rəqabəti nəzərə alıb işini gələcəkdə də öz prinsip və ənənələrinə uyğun quracağına inamını ifadə edib.

    O, teatrsevərləri, kuklaçıları təbrik edib və bildirib ki, teatr Mədəniyyət Nazirliyi üçün ən vacib sahələrdən biridir və bu ənənəni qorumaq lazımdır.

    Sonra teatrda fərqlənən aktyorlara Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.

    Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov ittifaqın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun Kukla Teatrının kollektivinə təbriklərini çatdırıb. Sonra Kukla Teatrın bir sıra aktyor və yaradıcı heyəti milli teatrın inkişafında xidmətlərinə görə Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olunublar.

    Tədbirdə teatrın repertuarındakı ən yaddaqalan tamaşalardan ibarət səhnələşdirilmiş kompozisiya təqdim edilib. Tamaşa arası səhnədə 90 il bundan əvvəl ilk kuklaçı Mollağa Bəbirlinin hazırladığı kuklaların fotoşəkilləri proyeksiya olunub. Böyük ekranda Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan və digər ölkələrdə fəaliyyət göstərən kukla teatrlarının təbrikləri çatdırılıb.

    Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə böyük teatr fədaisi, ilk peşəkar kuklaçı Mollağa Bəbirli qoyub. 1932-ci ildə kollektiv “Sirk” adlı tamaşa ilə səhnəyə çıxıb. Bu günədək 600-dən artıq tamaşa hazırlayan teatr daim rəngarəng və zəngin repertuarı ilə seçilir. Hazırda teatrın cari repertuarında 28 səhnə əsəri var. Teatrda Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Milli Mərkəzi yaradılıb və teatr qurumla six yaradıcılıq əlaqələri saxlayır.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR