Masallıda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Azadmedia.az - Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyi, Masallı Heydər Əliyev Mərkəzi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan gəncliyinin formalaşması uğrunda göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.
Masallı Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə çıxışında Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai–siyasi, sosial–iqtisadi, elmi–mədəni həyatında dönüş yaranıb.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək bildirib ki, bəşər tarixində bir çox şəxsiyyətlərin həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunda böyük rol oynayıb. Belə nadir şəxsiyyətlərdən biri görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndərin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli dövlət kimi tanınır. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı xalqımızın qəlbində daim yaşayıb və yaşayacaqdır.