Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüQlobal və regional böhranların, silahlı münaqışələrin diplomatik vasitələrlə dinc yolla tənzimlənməsi üçün beynəlxalq praktikada müxtəlif vasitələrdən istifadə edilir – beynəlxalq təşkilatların, onların qurumlarının, fərdi qaydada dövlətlərin vasitəciliyı və müxtəlif səviyyəli danışıqların təşkili, xoşməramlı missiyalar, beynəlxalq konfranslar, çoxtərəfli məsləhətləşmələr, barışıq prosedurları, arbitraj və sairə.
Otuz ilə yaxın bir müddətdə Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından qaynaqlanan münaqişənin həlli üçün Azərbaycan israrla diplomatik vasitələrə müraciət etsə də, təəssüf ki, dövlətimizin bu cür niyyəti nə beynəlxalq təşkilatlar, nə də ayrı-ayrı dövlətlər və onların birlikləri tərəfindən düzgün qiymətləndirilmədi. Açıq formada etiraf etmək lazımdır ki, “beynəxalq vasitəcilərin” əsas niyyətləri Azərbaycanın milli maraqlarına, onun təhlükəsizliyinin və suverenliyinin təmin olunmasına qətiyyən cavab vermirdi.
Ən yeni diplomatik tarixə müraciət etsək, ölkəmizə qarşı siyasi və hüquqi riyakarlığın, açıq-aşkar selektiv yanaşmanın şahidi olarıq. 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan 62/243 saylı qətnamənin qəbul edilməsi prosesində ikili standartlar əyani formada nümayiş etdirildi. Baxmayaraq ki, BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi rəsmi sənədlərdə birmənalı olaraq, ölkəmizin suverenliyi və ərazı bütövlüyü təsdiq edilirdi, digər tərəfdən beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyi vurğulanırdı 62/ 243 saylı qətnamənin qəbulu zamanı ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətlərinin təmsilçiləri mühüm sənədin əleyhinə səs vermişlər. Digər riyakarlıq nümunəsini 13 mart 2025-ci il tarixində Avropa Parlamenti öz “qətnaməsində” soyqırım, insanlıq əlehinə cinayətlər, müharibə cinayətləri törədən caniləri “girov” və “hərbi əsir” adlandıraraq nümayiş etdirdi.
Hər bir vasitəçinin – istər beynəlxalq qurumlar, istərsə də ayrı-ayrı dövlətlərin regionda öz maraqları mövcuddur və bu maraqların təmin edilməsi onlar üçün prioritet təşkil edir. Bütün qeyri-konstruktiv səylərə rəğmən, Abu Dabidə keçirilən Azərbaycan-Ermənistan nümayəndə heyətlərin görüşü bir daha nümayiş etdirdi ki, post-münaqişə dövründə Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strategiyası ən səmərəli yol xəritəsi rolunu oynayır. Dövlət Başçısının dəfələrlə israrla qeyd etdiyi kimi, Ermənistanla münasibətlərin normallaşması prosesində bizim heç bir vasitəciyə ehtiyacımız yoxdur. Onlar öz məqsədlərini güdürlər və bizim regiona müdaxilələri onların siyasi və iqtisadi maraqlarına xidmət edir.
Azərbaycan-Ermənistan münasibətlərin normallaşması, post-münaqişə dövrünün bütün problemlərinin həlli üçün etimad səviyyəsinin artırılması və ikitərəfli təmasların davam etdirilməsi ən səmərəli vasitədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.