Sovetlər İttifaqı dağılanadək (yaxşı ki, dağıldı) dünya iki qütbdən ibarət idi. Təxminən bərabər güclər qarşı-qarşıya dayanmışdı. Dünya xalqları daima səksəkədə idi ki, hər an üçüncü dünya-nüvə müharibəsi başlaya bilər. Sovetlərin süqutundan sonra yeni şərtləri diqtə edən birqütblü dünya yarandı. Bir çox ölkələrdə rəngli inqilablar baş verdi. Maraqlı olan budur ki, onların əksəriyyəti Yaxın Şərq-müsəlman ölkələrini hədəf seçdi, bir çox dövlətlər iflic vəziyyətinə düşdü.
Yaxın Şərqdə vətəndaş müharibələrinin əks-sədası hələ də səngimək bilmir. Hazırda hansı dünyada yaşadığımızı ayırd etmək çətindir. Bilinmir hansı dünyada yaşayırıq: birqütblü, ikiqütblü, yoxsa çoxqütblü. Bu cür dünya nizamının ağır fəsadları da ortadadır. İşğal, anneksiya faktları baş alıb gedir, Yaxın Şərq, müsəlman dünyası hələ də stabilləşmir. Ən böyük narahatlıq ondadır ki,hətta işğal və anneksiya faktlarına münasibətdə belə ikili standartlara şahidlik edirik. Adını “ikiüzlü”də qoya bilərik. Təəssüf ki, müsəlman ölkələrinə yanaşmada islam faktoru süni şəkildə qabardılır, son dövrlərdə isə türkfobiya gündəmə gətirilir.
Görünən odur ki, bəzən bu qəsdən edilir... 44 günlük Vətən müharibəsi dövründə həmsədrlərdən biri olan Fransanın tərəfsiz vasitəçiliyə riayət etmədiyini gördük. Fransa prezidenti bəyan etdi ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturası ilə bağlı dövlət rəhbərliyi səviyyəsində təhlükəli açıqlamaya şahidlik etdik, daha sonra bu ölkənin Xarici işlər naziri ermənipərəst bəyanatla çıxış etdi. İndi də fransalı imamlara resbublika dəyərləri xartiyasını qəbul etmək üçün 15 gün vaxt verilib. Sanki islamofobiya və türkfobiya demokratik Fransanın ən əsas “dərd-sərinə” çevrilib. Üstəlik, yayılan məlumatlara əsasən, bu ölkənin senatında qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyinin tanınması ilə bağlı qərar layihəsi hazırlanır. Bu, bir tərəfdən beynəlxalq hüququn pozulması deməkdirsə, digər tərəfdən Fransanın tərəfsiz vasitəçilik mandatını əzəldən adekvat dəyərləndirmədiyinə işarədir. Bu gün Ermənistanın baş naziri Paşinyan özünün “Twitter” səhifəsində belə bir paylaşım edib ki, “Dost Fransa Ermənistanın və erməni xalqının yanındadır”. Fransa hökuməti adından humanitar yardım daşıyan ilk təyyarə artıq İrəvana eniş edib. 30 il ərzində milyona yaxın qaçqın və köçkünü, hələ Birinci Qarabağ savaşından minlərlə şəhid və qazi ailəsi olan Azərbaycana münasibətdə bu həssas yanaşmanı görmədik. Vətən müharibəsi günlərində Gəncə və Bərdənin mülki əhalisinə Ermənistan ərazisindən ballistik raket və kassetli bombalarla hücum ediləndə, vasitəçi Fransanın sərt qınağının şahidi olmadıq. Amma zamanında məhz tərəfsiz vasitəçilik öhdəliyini öz üzərinə götürən ölkədən bu qınağı eşitməli və görməli idik. Nədənsə eşitmədik.
Görəsən nədən? Məzarların baş daşında mərhumun doğulduğu, daha sonra bu dünyanı tərk etdiyi tarix göstərilir. 30 ilə yaxın müddətdə Qarabağda şəhər və rayonlarımızın işğal tarixləri bizlər üçün yas-matəm günləri olub. Erməni vandallığı nəticəsində kənd və qəsəbələrimiz, şəhər və rayonlarımız viran qoyulub. Çünki, işğal edildikləri gün bu torpaqlarımıza qəsd edildiyi, onların erməni faşizmi tərəfindən “öldürüldüyü” tarixdir. 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Quruculuq-abadlıq işlərindən sonra, bu şəhər və rayonlarımızın girişində xatirə abidələri ucaldılacaq. Onların üzərində işğal edildikləri gün-ölüm, işğaldan azad olunduqları gün isə-doğum tarixi kimi göstəriləcək. Uca Tanrı istəyəndə, ali lütfünü göstərəndə cansıza can verə, doğum və ölüm tarixlərinin yerlərini həqiqətən dəyişdirə bilir. Amma bunu sevimli, seçdiyi bəndələrinin əli ilə edir. Allah Ali Baş Komandanımıza və Ordumuza bundan sonra da yar olsun. Uca Tanrı Şəhidlərimizə rəhmət etsin, yaralı həmvətənlərimizə şəfa versin. Türkfobiya, islamofobiyadan “əziyyət” çəkən ölkə rəhbərləri isə bir həqiqəti qəbul etməlidirlər ki, nə xristian, nə də islam dinində olanlardan qorxmaq lazım deyil.
Bacarırsansa, hər ikisini eyni dərəcədə sevməlisən. Bunu bacarmırsansa, Allahın adı ilə bağlı olan müxtəlif dinlərə eyni səviyyədə hörmət göstərməlisən. Onların heç birindən qorxmamalısan. Bu, millətlərə də aiddir: Türkü ya sevməlisən, ya da ona hörmət etməlisən. Cəlil Məmmədquluzadənin məşhur bir hekayəsi var, “Allah xofu” adlanır. Azərbaycanı və azərbaycanlıları, türksoylu millətlərin ruhunu anlamaq üçün bu əsəri oxumaq faydalı olardı. Allahı sevdiyin kimi, həm də onun qəzəbindən qorxmalısan. Siyasi maraqlar günahlara vəsilə olmamalıdır. Türkfobiya və islamofobiyaya yoluxan cənablar, özünüzü günahlardan qoruyun.
Milli Məclisin deputatı
Ülvi Quliyev