Prezident İlham Əliyev fevralın 26-da xarici və yerli media nümayəndələri üçün mətbuat konfransı keçirdi. Tədbir məhz Xocalı soyqırımı günündə baş tutdu. Məqsəd 29 il əvvəl ermənilər tərəfindən Xocalının mülki əhalisinə, uşaq, qadın və qoca bilmədən dinc azərbaycanlılara qarşı xüsusi amansızlıqla törədilmiş qətliama, erməni vəhşiliyinə dünya ictimaiyyətinin diqqətini bir daha çəkmək idi. Xarici media nümayəndələrinin vasitəçiliyi ilə dünya birliyinə çatdırıldı ki, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan Qarabağ ermənilər tərəfindən nəinki viran qoyulub, nəinki ev-eşiyimiz, bütün infrastruktur dağıdılıb, hətta əcdadlarımızın məzarları, doğmalarımızın qəbirləri dağıdılıb, məscidlərimiz və tarixi-mədəni abidələrimiz təhqir olunub. Vətən müharibəsindən sonrakı dövrdə nüfuzlu beynəlxalq media qurumlarının nümayəndələrinə imkan yaradıldı ki, onlar bütün bu vəhşilikləri öz gözləri ilə görüb erməni vandallığının miqyasını təsəvvür edə bilsinlər. Bir neçə gün əvvəl yerli jurnalistlərin də Ağdama səfəri təşkil olundu. Dağıntı mənzərələrinin ağırlığı altında peşəkar qələm sahibləri, söz xiridarları gördüklərini ifadə etməkdə çətinlik çəkdilər. Xüsusən, əslən Ağdamdan olan jurnalistlərin 28 il sonra dədə-baba torpaqlarında keçirdikləri qarışıq hissləri, seyr etdikləri dağıntıların müqabilində yaşadıqları mənəvi iztirabı və heç nəyə baxmadan, Ağdama, Qarabağ torpağına yenidən ayaq basa bilməyin qürurunu yaşadıqlarını görməmək, duymamaq mümkün deyildi. Bir tərəfdən dağıdılmış evlər, təhqir olunmuş qədim türbə və qəbirlərimizin acısı, o biri tərəfdən doğma torpağın qoxusu və nəfəs aldıqları havanın ətri. Bir sözlə, bütün bunlar təzadlı hisslərin ifadəsi olsa da, 30 illik həsrətə son verilməsi deməkdir...
Bu fikirləri Azadmedia.az-a Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.
Deputat deyib ki, martın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva növbəti dəfə işğaldan azad edilmiş torpaqlarımızda, bu dəfə Füzuli və Xocavənd rayonlarında oldular. Yol boyunca çəkilən mənzərələr erməni vəhşiliyinin heç bir sərhəd tanımadığını təkcə özümüzə deyil, bütün dünyaya yenidən nümayiş etdirdi. Daşı-daş üstə qalmayan evlərimiz, dağıdılmış infrastruktur, minalanmış ərazilər, asfaltı itmiş yollarımız. Bütün bunlar düşmən tərəfindən məqsədli şəkildə törədilib. Ona görə edilib ki, bizlər o torpaqlara bir də qayıtmayaq. Düşünüblər ki, Qarabağ guya əbədi olaraq onların istifadəsinə keçib. Amma sahiblənə bilməyiblər, çünki torpaqlarımız, qəbirlərimiz, tarixi irsimizin nişanələri erməni vandallığına dözsə də, erməni tapdağını qəbul etməyib, Azərbaycan əsgərinin xilaskar yolunu səbirsizliklə gözləyib. Ali Baş Komandan İlham Əliyevin qurub-yaratdığı, rəhbərlik etdiyi müzəffər Azərbaycan Ordusu 28 ildən sonra tarixi torpaqlarımızı düşmən tapdağından azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür versin!
Dövlətimizin başçısı səfər çərçivəsində uzunluğu 13 kilometr olan Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlini qoydu. Uzunluğu 43 kilometr olacaq bu yol Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşəcək. Prezident İlham Əliyev düşmənin də, himayədarlarının da, bütün dünyanın da eşidə biləcəyi səslə bəyan etdi: “Füzulidən Şuşaya yol çəkilir-Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır”. Prezident faktiki olaraq Ermənistan cəmiyyətinə və dünya ictimaiyyətinə çatdırdı ki, Qarabağda törədilən vəhşiliyə və dağıntıların miqyasına baxmayaraq, Azərbaycan dövləti azərbaycanlıların öz dədə-baba torpaqlarına Böyük Qayıdışını təmin etmək üçün hazırdır, bunun üçün siyasi iradəsi və iqtisadi imkanları yetərincədir, təməlini qoyduğu yollar da məhz bu ali məqsədə xidmət edir.
Dövlətimizin başçısı ailə üzvləri ilə birgə Hünərli və Tuğ kəndlərində qədim Alban məbədlərini ziyarət etdilər. O məbədləri ki, ermənilər bu illər ərzində xislətlərinə uyğun şəkildə özününküləşdirmək üçün hər cür iyrənc üsula, tarixin saxtalaşdırılmasına əl atıblar, amma məqsədlərinə nail ola bilməyiblər. İşğal dövründə məscidlərimizi təhqir edən,67 məsciddən altmış beşini tamamilə dağıdan ermənilər qədim Alban məbədlərinə də güzəşt etməyiblər, onları da qədim qəbilə təfəkkürü ilə təhqirə məruz qoyublar. Prezident İlham Əliyev bütün bunları dünyaya göstərməklə məlum ünvanlara səslənirdi ki, ayılın, baxın-görün kimlərə havadarlıq etmisiniz. Dövlətimizin başçısı onlara həm çağırış, həm də xəbərdarlıq etdi: “Hər kəs bunu görməlidir, bilməlidir. Əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki, bu günə qədər alıb. Baxın, buraya baxın, erməni kilsəsi olsaydı, bunları yazardılar? Yazardılar bunları? “Kamo”, “Artur”, nə bilim, “Marta”. Öz kilsələrini belə təhqir edərdilər? Bax, bu daşların hamısı saxtadır. Bu, erməni saxtakarlığıdır...”
44 günlük Vətən müharibəsi xalqımızın qələbəsi-Zəfəri ilə yekunlaşdı, 30 illik həsrətimizə son qoyuldu, tarixi ədalət Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun gücü və xalqımızın birliyi hesabına bərpa olundu. Müharibənin aktiv fazası bitib, dövlətimizin başçısı tərəfindən Böyük Qayıdışa artıq start verilib. Lakin Ermənistanda əks-təbliğat davam etdirilməkdədir. Elə buna görə də, hər birimiz- ictimai-siyasi fəallar, yönümündən asılı olmayaraq siyasi partiya mənsubları, vətəndaş cəmiyyətinin nümayəndələri və ilk növbədə, jurnalistlər bütün həqiqətlərin, erməni vəhşiliyinin çılpaqlığı ilə dünyaya çatdırması üçün daha fəal olmalıyıq. Böyük Qayıdışı tezləşdirmək naminə hər birimiz səfərbər olmalıyıq, imkan və bacarığımızı əsirgəməməliyik.
Prezident İlham Əliyev səfər çərçivəsində Ermənistan ictimaiyyəti ilə yanaşı, dünya birliyinə və xalqımıza bu tarixi ismarıcı da verdi: “Özlərini dövlət adlandırırdılar, dırnaqarası “Artsax dövləti” cəhənnəmə getdi. “Dövlət” idisə, bəs, niyə daş-daş üstə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır”. Prezidentimizin bu ismarıcından sonra Ermənistanda revanşa meyilli olan populist siyasətçilər də, onların himayədarları da, nəhayət, anlamalıdırlar ki, bu cür birmənalı siyasi iradənin qarşısında boş xülyalarla yaşamaq əbəsdir, özünü aldatmaq, erməni cəmiyyətini isə daha dərin uçuruma yuvarlamaq deməkdir. Çünki ali siyasi iradə və həmin yumruq öz yerindədir, Azərbaycan xalqının tarixi birliyi, heç bir təhdidə baxmayaraq, bundan sonra da bütün sınaqlara hazırdır.