AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliabbas Salahzadə: Ermənistanı müdafiə edən xarici dairələr gözlərini nə zaman açacaqlar?

  • + A
  • - A
  • 17-03-2021, 17:50


    Milli Məclisin deputatı Əliabbas Salahzadə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuli və Xocavənd rayonlarına, onun ardınca Qarabağın tacı Şuşa şəhərinə səfərlərinə diqqət yönəldərək bildirib ki, sahibinə qayıdan torpaqlarımız sanki dil açıb danışır, ermənilərin illərdir bu ərazilərimizdə törətdikləri vəhşiliklərin şahidləri kimi çıxış edir, dünyaya ədalətsizliklərə göz yummamağa çağırışlar edir: “30 ilə yaxın müddətdə davam edən işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində tarixi və dini abidələrimiz dağıdılıb, mənimsənilib, vandalizmə məruz qalıb.

    Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Məscidlərdə heyvan saxlayıblar. Müqəddəs abidələrimizi təhqir ediblər. Dövlətimizin başçısı İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri çərçivəsində Hünərli kəndindəki Alban məbədi ilə tanışlıq zamanı bildirmişdir ki, ermənilər bu kilsəni də erməniləşdirmək üçün cəhdlər etsələr də buna nail ola bilməmişlər. Özlüyündə yararanan “İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı” sualına cavab olaraq bildirmişdir ki, ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, elə də qədim Alban məbədini təhqir etmişlər. Amma bərpa edəcəyik. Burada yazılan yazılar da saxtadır, sonradan yazılmış yazılardır.

    Bu artıq ermənilərə xas olan xüsusiyyətdir. Saxta tarix yazmaqla nəyəsə nail olacaqlarını düşündükləri zaman 44 günlük Vətən müharibəsinin onlara verdiyi dərsi yadlarına salsalar daha yaxşı olar. Ermənilər illərdir ki, saxta tarix yazaraq qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış etmiş, havadarlarının dəstəyi ilə buna nail olmuşdular. Amma bir mühüm məqamı unudurdular ki, saxta tarix yazmaqla həqiqətləri ört-basdır etmək, ümumiyyətlə, silmək mümkün deyil. Necə ki, işğaldan azad edilmiş torpaqlarımızda tarixi və dini abidələrimizi dağıdıb yerlə-yeksan etməklə izləri itirəcəklərini düşünürdülər. Amma tarix öz sözünü dedi. Azərbaycan real həqiqətləri ortaya qoymaqla ermənilərin yalanlarını ifşa etdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər.”

    “Ermənilər məscidlərdə heyvanlar saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ifadə ediblər” söyləyən Ə.Salahzadə vurğulayıb ki, onlardan fərqli olaraq ölkəmizdə bütün dinlərə məxsus olan abidələr dövlət səviyyəsində qorunur, məscidlərlə yanaşı, sinaqoqlar tikilib, yeni kilsələr inşa edilib: “Çünki Azərbaycanda tolerantlıq mühiti ən yüksək səviyyədədir. Azərbaycanda bütün dinlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində yaşayırlar. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Alban məbədi ilə tanışlıq zamanı erməni barbarlığının bir daha şahidi oldular. Dövlətimizin başçısı bu mesajı ünvanladı: “Əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki, bu günə qədər alıb.”

    Ə.Salahzadə bildirib ki, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, dağıdılan abidələrimiz tezliklə bərpa ediləcək: “O da məlumdur ki, mədəni irsimizin sistemli şəkildə qorunmasında və təbliğində mühüm rol oynayan Heydər Əliyev Fondu işğaldan azad edilmiş torpaqlarımızda tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası ilə bağlı layihəyə start verib. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanıb. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri zamanı da möhtərəm Prezidentimiz bu layihələrin icrasından bəhs edib.”

    “Ermənistanın noyabrın 10-dan dekabrın 1-nə qədər olan müddətdə qaytardığı Kəlbəcər, Ağdam və Laçın rayonlarında törətdiyi vəhşiliklərə, vandalizm aktlarına diqqət yetirmək kifayətdir. Evlər, ağaclar yandırılıb, təbiətə qarşı terror aktı həyata keçirilib. Dünya görsün ki, Azərbaycan illərdir necə vəhşi ilə üz-üzə olub. Cənab İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfərləri zamanı bir daha işğalçı dövlətə dəstək göstərən dövlətlərə bu mesajı ünvanlamışdır ki, bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?!”,- deyə Ə.Salahzadə bildirib.

    Millət vəkili qeyd edib ki, ermənilərin bu vəhşiliklərini nə qədər ürəkağrısı ilə qeyd etsək də, torpaqlarımızın işğaldan azad edilməsi hər birimizi qürurlandırır, 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyimiz birliyi, həmrəyliyi daha da möhkəmləndirərək quruculuq, bərpa işlərini tez bir zamanda başa çatdırmağa səsləyir: “Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün reallıqlarına uyğun müəyyənləşdirilən hədəflərin də gerçəkləşməsinə nail olacaq, Azərbaycanın qarşısında açılan geniş imkanlar dayanıqlı inkişafı təmin edəcək.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR