Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərindən möhkəm təməllər üzərində qoyulmuş enerji siyasətini uğurla davam etdirir və bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq Avropanın, eləcə də dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilmişdir.
Azadmedia.az xəbər verir ki, bunu “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Azərbaycan nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. “Müstəqilliyimizin ilk illərində bizim özümüzün böyük enerji sıxıntılazımız mövcud idi. Belə ki, ölkədə bir çox enerji stansiyaları yararsız vəziyyətdə idi, yeni stansiyaların tikilməsi üçün maliyyə çatışmazlığı mövcud idi. Həmin illər ölkəmiz elektrik enerjisini Rusiyadan idxal etməklə təbii qazla bağlı qıtlıq vardı, neft hasilatı da kəskin şəkildə aşağı düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında enerji resurslarının inkişafına görə qabaqcıl ölkədir.
Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev ölkəmizin müstəqillik illərində enerji təhlükəsizliyinə sərmayə yatırdığını, daxili bazarda tələbatları tam təmin etdiyini və sayı artan ölkələrin enerji təhlükəsizliyində daha da mühüm rol oynamağa çalışdığını qeyd etdi.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi ilk ildən etibarən Azərbaycan özünü dünyaya açıq olduğunu elan edib. Bu sahəyə diqqət və sərmayələr cəlb etmək məsələsində Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təşkilatçıları da çox vacib rol oynayıb. Eyni zamanda Azərbaycan regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində hər zaman maraqlı olub və təbii ki, buna da Azərbaycanın təbii imkanları şərait yaradıb.
Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışının baş tutması sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi.
Ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi. Azərbaycan qazı ilk dəfə olaraq Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.
S.Hüseynova vurğulayıb ki, hazırda Azərbaycanın müxtəlif istiqamətlərdə şaxələnmiş enerji marşurutları mövcuddur. O bildirib ki, müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur.
Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac edilməsi planlaşdırılır. Ölkə başçısı çıxışı zamanı 3.5 min kilometr uzunluğunda Cənub Qaz Dəhlizi haqqında danışarkən qeyd etdi ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır.
Cənab Prezident bildirdi ki, Cənub Qaz Dəhlizinin icrası zaman Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman bəlli oldu ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir.
Müasir dünyada Azərbaycan qazına olan tələbat sürətlə artır. “Potensial istehlakçılar anlamalıdırlar ki, qısa zaman ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün müqavilələr imzalanmalı, danışıqlar aparılmalıdır. Hasilatın artırılması üçün Azərbaycan ənənəvi tərəfdaşlar və sərmayədarlar, eləcə də enerji şirkətləri ilə çalışmağa hazırdır və buna maraqlıdır”
Ölkə başçısı qeyd etdi ki, Azərbaycan etibarlı tərəfdaşdır. Hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu da onun göstəricisidir ki, Azərbaycan çox məsuliyyətli bir tərəfdaşdır və öz öhdəliklərinə hörmət edir, tərəfdaşlarından da öz öhdəliklərinə hörmət etməyi gözləyir.
Məhz bu səbəbdən dünyanın bir çox ölkələri, o cümlədən ABŞ, Birləşmiş Krallıq kimi böyük ölkələr Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Bu ölkələr eyni zamanda Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunub.
S.Hüseynova bildirib ki, dünyada nüfuzlu maliyyə təsisatları olan Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak etmişdirlər. Bu isə bir daha ölkəmizin bu sahədə etibarlı tərəfdaş olduğunu sübut edir.
Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Möhtərəm prezident cənab İlham Əliyev qeyd etdi ki, Avropa Komissiyası “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Bütün bunlarla yanaşı Azərbaycan qlobal enerji təhlükəsizliyinin qorunmasında da özünü məsuliyyətli ölkə kimi aparır. Ölkəmiz üçün elektrik enerjisi, bərpa olunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir. Hazırda Azərbaycan bu istiqamətdə dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və təbii ki, bu yalnız başlanğıcdır
Bərpa olunan enerji sahəsində Xəzər dənizinin nəhəng potensialı var və Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir.
Bundan əlavə İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı mütəxəsislər tərəfindən yüksək qiymətləndirilir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Qarabağda 10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə tutulur.
Ölkə Prezidenti öz çıxışı zamanı Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarına da diqqət çəkdi və təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilmədiyini də vurğuladı. “Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir. Lakin Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir və bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Azərbaycan zəruri infrastruktura malikdir. Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq”.
Deputat əlavə edib ki, Azərbaycanın yüksək tranzit potensialının olması, ən əsası isə ölkə Prezidentinin düşünülmüş enerji diplomatiyası, uğurla həyata keçirilən bütün layihələr ölkəmizin iqtisadi imkanlarını gücləndirir. “Neft-qaz sektorunda əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir. Bu il qeyri-neft sektorunda artım 11.5 faiz olub. Nəticədə isə ölkəmizin hərtərəfli və davamlı inkişafı təmin edilir və bu təbii ki, ölkə Prezidentinin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir”.