Milli Məclisin deputatı İltizam Yusifovun AzadMedia.az-a müsahibəsi-İltizam müəllim, hazırda regionda baş verən siyasi prosesləri necə dəyərləndirirsiz?
-Regionda artıq hadisələrin aktiv fazası geridə qalıb. Ali baş komandanın rəhbərliyi və xalqımızın birliyi ilə tarixi Zəfərimizi qazanmışıq, işğala son qoymuşuq, Separatizmə son qoymuşuq, ərazi bütovlüyümüzü bərpa etmişik və suverenliyimizi təmin etmişik. Artıq bölgədə yeni reallıq yaranıb. Sülh, əməkdaşlıq, inkişaf üçün geniş perspektivlər və münbit şərait var. Dünyada isə geopolitik anlamda böyük narahatçılıqlar var, müharibə və münaqişə ocaqları daha da genişlənir. Buna görə də hesab edirəm ki, region ölkələri mütləq bu günkü münbit vəziyyəti dəyərləndirəcəklər.
-Qarşıdan Böyük Zəfərimizin 3 ili gəlir. Azərbaycanın tarixi qələbəsi barədə nə deyə bilərsiz?
- Zəfərimiz- bizim zəngin tariximizin ən şanlı səhifəsidir. Bəli Zəfərimizdən artıq 3 il keçir. Bu 3 il ərzində Ali Baş Komandan İlham Əliyev işğala son qoyan 10 Noyabr bəyanatını suverenliyimizin bərpası ilə yekunlaşan tam qələbəyə çevirdi. Bu gün bizim bayrağımız Xankəndi, Xocalı, Əskəran və digər əski və əzəli Azərbaycan torpaqlarında dalğalanır. Bundan böyük qururmu olar?
- Bildiyinizkimi, hazırda parlament büdcəni müzakirə edir. Sizcə, bu dəfəki büdcə müzakirələri necə yekunlaşacaq?- Parlamentdə 2023-cü il Dövlət Büdcəsi müzakirələri başlayıb. Artıq adət halını aldığı kimi bu dəfə də müstəqilliyimizin ən iri həcmli büdcəsi təklif olunur. Sosial, təhsil, səhiyyə və s. demək olar ki, bütün sahələrdə artımlar nəzərdə tutulur. Amma təhlükəsizlik, müdafiə xərcləri obyektiv səbəblərdən bizim üçün yenə də preoritet olaraq qalır və qalacaqdır.
- Milli Məclisdə Şirvan şəhərini təmsil edirsiz. Deputatı olduğunuz şəhərdə hansı işlər görülür? Əsasən seçicilər hansı problemlərlə bağlı müraciət edirlər?
- Şirvanla bağlı, vətəndaşlarımızı narahat edən bütün məsələləri müvafiq qurumlar qarşısında qaldırmışam. Məsələlərin həlli istiqamətində işlər gedir. Şəhərdə abadlıq-quruculuq işləri, o cümlədən kommunal sahədə böyük işlər görülür. Şirvan şəhər olduğu üçün insanların məşğulluğu ilə bağlı problemləri var. Amma şəhərin böyük potensialını nəzərə alaraq hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də yetərli addımların atılacaqdır.
- Ümumiyyətlə, seçicilərlə tez-tez görüşə bilirsinizmi?
- Çalışıram vaxtım olduğu təqdirdə hər həftə Şirvanda olum, görüşlər keçirim. İmkanım olduqda şəhər İH başçısı ilə birlikdə də vətəndaş qəbulunda iştirak edirəm. Şəhəri gəzirəm, insanlarımızla görüşürəm, onları dinləyirəm. Əslində insanlarımız çox səmimidirlər və bu cür ünsiyyəti dəyərləndirirlər.
- Növbəti seçkilərdə də parlamentdə təmsil olunmaq istərdinizmi?
- Bilirsiz Parlamentdə olmaq, Millət Vəkili olmaq çox məsuliyyətli işdir. Bu, böyük bilgilər, savad, nümunəvi davranış, cəmiyyətdə hörmət, dövləti, xalqı layiqli təmsil etmə qabiliyyəti və s.kimi komponentlərin vəhdəti deməkdir. Düzdür artıq müəyyən Parlament təcrübəsi də toplamışıq. Bu da önəmli bir faktdır. Bizim fəaliyyətimizə dövlətimiz, xalqımız, seçicilərimiz qiymət verir. 6-cı çağırış Milli Məclis işini uğurla davam etdirir və düşünürəm ki, indiki dönəmdə bu barədə fikirləşmək hələ tezdir.
-Sizin həm də maraqlı hobbiniz var. Tarda ifa edə bilirsiz. İstərdik ki, bu barədə oxuculara məlumat verəsiz.
-Hobbim bütün sahələr üzrə oxumaq və araşdırmaqdır. Musuqiyə də həvəsim böyükdür. Janrı önəmli deyil. Əsas odur ki, yaxşı, samballı müsiqi olsun. Tar da çalıram. Bütün muğamlarımızı dəstgah şəklində ifa edə bilirəm.
AzadMedia.az üçün