"Cənab Prezidentimizin siyasətinə sonadək sadiqəm" — Bayram Səfərov İcma sədrliyindən getməsindən DANIŞDI
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri vəzifəsindən getməsindən danışıb.
Bayram Səfərov açıqlamasında deyib ki, onun bu addımı normal qarşılanmalıdır:
"Hazırda icra başçısı olaraq vəzifəmi davam etdirirəm. Nizamnamənin tələblərinə uyğun olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin əmr, tapşırıq, sərəncam və fərmanlarını yerirə yetiririk. Xalqa xidmət etmək bizim borcumuzdur. Cənab Prezidentimizin siyasətinə sonadək sadiqəm, ayrı cür də ola bilməz".
Bayram Səfərov Qarabağın Azərbaycan icmasına da daim köməklik göstərəcəyini söyləyib:
"Sədrlikdən getməyimə baxmayaraq, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinə köməkliyimi əsirgəməyəcəm".
Xatırladaq ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin II qurultayı keçirilib. Qurultayda birliyin (icmanın) yeni İdarə Heyəti təsdiqlənib.
Həmçinin qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Asif Cahangirov və Elçin Əhmədov isə sədr müavinləri vəzifəsinə seçiliblər.
Qeyd edək ki, indiyədək birliyin sədri vəzifəsini Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tuturdu.