Azərbaycanın milli təhlükəsizlik orqanı rəhbərləri kimlər olub?
100 yaşını qeyd edən bu struktura Məmmədbağır Şeyxzamanlıdan başlayaraq, səs-küylü Eldar Mahmudova qədər rəhbərlik edənlərin tarixçəsi…
Martın 28-də Azərbaycanda ənənəvi olaraq təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Bu il isə Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi tamam olur. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib.
“Yeni Müsavat” xatırladır ki, Azərbaycanın ilk milli təhlükəsizlik naziri Məmmədbağır Şeyxzamanlıdır. O, Azərbaycan Demokratik Respublikasının (ADR) 1919-cu il iyun və avqust aylarında MTN rəhbəri olub, avqustun 1920-ci ilin martına qədər Nağı bəy Şeyxzamanlı bu vəzifəni tutub. Sovetləşmədən sonra təşkilatın üzvləri repressiyalara məruz qalib, M.Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib, N.Şeyxzamanlı Türkiyəyə mühacirət edib.
Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (“ÇK”) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (“NKVD”) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.
Sovet Azərbaycanında isə bu postu tutan əsasən ruslar olsa da, azərbaycanlılara da bu vəzifə verilib. Bunlar tarixi ardıcıllıqla Baba Əliyev, Eyyub Xanbudaqov, Mircəfər Bağırov, Novruz Rzayev, Heydər Əliyev, Ziya Yusifzadə və Vaqif Hüseynovdur. Sonuncusu müstəqil Azərbaycanın ilk vaxtlarında da milli təhlükəsizlik orqanı rəhbəri olub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb.
Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
V.Hüseynov 1991-ci ilin sentyabrına qədər nazir işləyib. Həmin vaxtdan 1992-ci ilin mayına qədər isə İlhüseyn Hüseynov nazir təyin olunub. O, 2006-cı ildə vəfat edib.