Vəzifədən birbaşa həbsə gedən məmurlar: Onlar kimlərdir? – SİYAHI
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürovun barəsində cinayət işi başlayıb. Adı müxtəlif qalmaqallarda hallanan, qızına 400 minlik toy edərək gündəmə gələn sabiq direktorun milyonlarla yeyintiyə yol verdiyi iddia olunur.
Azxeber.com vəzifədən azad edildikdən dərhal sonra cinayət məsuliyyətinə cəlb olunmuş məmurlarla bağlı araşdırmanı təqdim edir:
Sabiq baş nazir Sürət Hüseynov vəzifədən azad edilikdən sonra Moskvaya qaçmağı bacarsa da, 1997-ci ildə Rusiyada tutularaq ölkəmizə gətirilib. 1999-cu ilin fevralında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.
Sabiq Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub və bu günə qədər həbsdədir. 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Ə.İnsanovun həbs müddəti daha sonra yenidən artırılıb. Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.
Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev də vəzifə başında həbs olunan məmurlardandır. 2005-ci ilin oktyabrında “Azpetrol” şirkətinin prezidenti olan qardaşı Rafiq Əliyevlə birgə həbs edilən Fərhad və Rafiq Əliyev qardaşları 8 il sonra, 2013-cü ilin oktyabrında əfv fərmanı ilə azadlığa çıxıblar.
Sabiq Milli Təhlükəsizlik naziri Nərimanov İmranov 1994-cü il oktyabr ayının 15-də bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2002-ci ildə əfv edilib.
2005-ci ilin oktyabrında həbs edilən Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev bir müddət sonra azadlığa çıxsa da, sonradan yenidən həbs edilib. 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan A.Muradverdiyev 2016-cı ildə yenidən azadlığa qovuşub.
“Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti, eks-deputat Fikrət Sadıqov da 2005-ci ilin oktyabrında həbs edilən məmurlardandır. O, bir neçə gün həbsdə qaldıqdan sonra ev dustağı edilib. Hazırda AMEA-nın Kimya Problemləri İnsitutunda çalışan F.Sadıqov elmi araşdırmalarla məşğuldur.
Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov 2005-ci ilin martında adam oğurluğu və digər ağır cinayətlərdə ittiham olunaraq həbs edilib. Ömürlük həbs cəzasına məhkum edilən H.Məmmədov 2017-ci il dekabrın 3-də saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.
Milli Təhlükəsizlik Nazirliyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov 2015-ci ilin oktyabrında həbs edilib. 12 il müddətinə azadlıqdan məhrum edilən A.Çovdarov hazırda cəzasını çəkir və istintaq təcridxanasındadır.
Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev də “MTN işi” üzrə həbs olunub. 12 il müddətinə həbs olunan keçmiş mərkəz rəhbərinin məhbəs həyatı davam edir.
Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev2005-ci ildə həbs olunub və məhkəmənin qərarı ilə 10 il 6 ay müddətinə cəza alıb. Hazırda məhbus həyatı davam edən sabiq rəis istintaq təcridxanasında saxlanılır.
2005-ci ildə “MTN işi”nə görə həbs edilən MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda da həbsdədir.
Siyahını uzatmaq da olar. Gərək vəzifədə işləyəndə bir məqamı unutmayasan ki, bir gün etdiklərin mütləq bir gün geri dönür. O baxımdan vəzifəyə dədə-baba mülkü kimi yox, xalqa xidmət vasitəsi kimi baxmalısan.