Enerji strategiyasının Azərbaycan nümunəsi

Xanlar Fətiyev,
Milli Məclisin deputatı
İyun 1-dən başlayaraq Bakı növbəti mötəbər tədbirə ev sahibliyi edir. “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u bu dəfə paytaxtımızda 46 ölkədən 270-dən çox şirkəti bir araya gətirib. Ötən illə müqayisədə iştirakçı dövlətlərin və şirkətlərin sayının artması Azərbaycanın beynəlxalq enerji müzakirələrində aparıcı rolunu, o cümlədən, respublikamızın neft-qaz və bərpaolunan enerji sektoruna dünyada artan marağı əks etdirir.
1994-cü ildən başlayaraq Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi kimi keçirilən, ildən-ilə böyüyən və əhatə dairəsini daha da genişləndirən “Bakı Enerji Həftəsi” qlobal diqqəti enerji məsələlərinə yönəldən nüfuzlu dialoq və əməkdaşlıq platformalarından biridir. Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi Xəzər Neft və Qaz Sərgisi vaxt ötdükcə dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Azərbaycanın mükəmməl enerji diplomatiyasının mühüm göstəricilərindən olan bu platforma 30 ildən artıqdır ki, dövlət başçılarını, nazirləri, qlobal enerji şirkətlərini, investorları və sənaye mütəxəssislərini enerji sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə etmək üçün bir araya gətirir. Burada neft-qaz və bərpaolunan enerji sahəsində yeni tərəfdaşlıqların təməlləri qoyulur, əməkdaşlıq razılaşmaları əldə olunur.
“Bakı Enerji Həftəsi”nin əhəmiyyətini, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə, Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisinə və “Baku Energy Forum”una olan yüksək marağı ayrı-ayrı dövlətlərin rəhbərlərinin ünvanladıqları məktublar da təsdiq edir. Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində etdiyi çıxışda bu məqama diqqət çəkərək deyib:
“Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub. Bu bir daha göstərir ki, “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm”.
Prezident İlham Əliyev nitqində respublikamızın enerji siyasəti, inkişaf göstəriciləri və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrlə bağlı mühüm məqamlara toxundu. Dövlət başçısının tarixi ardıcıllıqla diqqətə çatdırdığı məqamlar bir daha göstərdi ki, Ulu Öndər Heydər Əliyevin vaxtilə əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi enerji siyasəti həm respublikamızın yüksəlişini təmin edib, həm də respublikamızı beynəlxalq enerji müzakirələrinin söz sahibi olan iştirakçısına çevirib. Bu baxımdan Azərbaycanın inkişafı və qlobal siyasi uğurları neft və qazdan gələn gəlirlərin səmərəli istifadəsinə dair ən mükəmməl nümunələrdir. Ötən 20 ildən artıq müddətdə Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı, yoxsulluq və işsizliyin minimal səviyyəyə düşməsi, regionların yüksəlişi, xarici borcumuzun ümumi daxili məhsulun olduqca az bir hissəsini əhatə etməsi, strateji ehtiyatlarımızın xarici borcu 18 dəfədən çox üstələməsi, “insan kapitalı”nın inkişafı neft gəlirlərindən səmərəli istifadənin nəticələridir. Eyni zamanda, neftdən gələn gəlirlər Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsində, onun döyüş qabiliyyətinin artırılmasında, hərbi sənayenin inkişafında mühüm rol oynamaqla, torpaqlarımızın işğaldan azad edilməsinə böyük töhfələr verdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir:
“Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir”.
Bütövlükdə, ötən dövrdə Azərbaycanın enerji sferasında həyata keçirdiyi hər bir layihə, ərsəyə gəlməsini təmin etdiyi və hər bir neft-qaz kəməri respublikamızın qətiyyətli siyasətinin təzahürüdür.
Azərbaycanın təşəbbüsləri ilə reallaşan neft-qaz kəmərləri həm də Avropanın enerji təhlükəsizliyini təmin edir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi neft-qaz kəmərləri Xəzərin karbohidrogen ehtiyatlarını yalnız dünya bazarlarına çıxarmır. Bu infrastrukturlar həm də son illərdə enerji təhlükəsizliyi sahəsində mühüm çağırışlarla üzləşən Avropa dövlətlərini neft və qazla təmin edir. Xüsusən 2022-ci ildə başlayan və hazırda davam edən Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar Avropa İttifaqının Rusiyadan idxal olunan təbii qazdan imtina etməsi Prezident İlham Əliyevin yürütdüyü enerji siyasətinin nə qədər mükəmməl və müdrik olduğunu göstərir. Dövlətimizin başçısının “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində bildirdiyi kimi bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Ötən ilin ortalarına qədər 12 dövlət Azərbaycandan təbii qaz alırdı. Hazırda isə həmin dövlətlərin sayı 16-ya çatıb və onlardan 10-u Avropa İttifaqının üzvüdür.
Son dövrlərin əsas qlobal çağırışlarından biri də “yaşıl enerji”yə keçiddir. Bu çağırışları vaxtında dəyərləndirən Azərbaycan “yaşıl” enerji”yə sürətli transformasiya edir. “Bakı Enerji Həftəsi” çərçivəsində Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisinin 14-cü dəfə keçirilməsi də Azərbaycanda “yaşıl enerji”yə keçid məsələsinin heç də yenilik olmadığını göstərir. Son illərdə respublikamızda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası, 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyası istifadəyə verilib. Qarabağda və Şərqi Zəngəzurda istifadəyə verilən su elektrik stansiyalarının gücü 300 meqavatdan çoxdur. Bütün bunlar göstərir ki, Azərbaycan tezliklə Avropaya həm də elektrik enerjisi ixrac edəcək. Prezident İlham Əliyev nitqində bununla bağlı bəzi məqamları da diqqətə çatdırdı. Belə ki, Azərbaycandan Avropaya elektrik enerjisini ötürəcək “Qara dəniz Enerji Kabeli” layihəsinin texniki-iqtisadi əsaslandırma mərhələsi artıq yekunlaşmaq üzrədir. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Həmçinin Xəzərin şərq sahillərindən Azərbaycana uzanacaq “yaşıl enerji” kabeli layihəsi üzərində də iş gedir.
Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın düşünülmüş və milli maraqları qətiyyətlə təmin edən enerji siyasətinin növbəti təqdimatı oldu. Hazırda icra olunan layihələr, o cümlədən bərpaolunan enerjiyə sürətli transformasiya göstərir ki, qarşıda respublikamızı bu istiqamətdə növbəti uğurlar gözləyir.
Eyni zamanda, digər müstəvilərdə olduğu kimi Azərbaycanın enerji sferasındakı nailiyyətləri də antimilli qrupların bütün planlarını alt-üst edir. Məlum olduğu kimi erməni lobbisi həm vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, həm də Trans-Adriatik Boru Kəmərinin (TAP) çəkilməsinin qarşısının alınması üçün beynəlxalq qarayaxma kampaniyası həyata keçirsə də, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin qarşısında məğlub olaraq geri çəkilib. Özünü müxalifət hesab edən, lakin dövlətimizə və xalqımıza qarşı müxalif olan antimilli ünsürlər də öz riyakarlıqları ilə erməni lobbisindən geri qalmırlar. Onlar illər boyu Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmağa, beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa və milli maraqlarımıza zidd mövqelər nümayiş etdirməyə çalışıblar. Bu qüvvələrin hədəfə aldıqları sahələrdən biri də ölkəmizin strateji əhəmiyyət daşıyan enerji sektoru olub. Bu məqsədlə müxtəlif dövrlərdə həyata keçirilən iri enerji layihələrinin perspektivlərini şübhə altına almağa, onların iqtisadi səmərəliliyini azaltmağa və Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi nüfuzuna xələl gətirməyə cəhd göstəriblər.
Lakin bütün bu cəhdlər reallıq qarşısında iflasa uğrayıb. Qərəzli tənqidlər və əsassız iddialar ölkəmizin inkişaf yoluna mane ola bilməyib və Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlər həmin dairələrin iddialarını tamamilə puça çıxarıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.