AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan–Ukrayna münasibətlərində hüquqi baza möhkəmlənir

  • + A
  • - A
  • Bu gün, 13:41

    Azərbaycan–Ukrayna münasibətlərində hüquqi baza möhkəmlənir


    Nizami Səfərov,
    Milli Məclisin deputatı


    Azərbaycanın beynəlxalq hüquqi əməkdaşlıq siyasətinin əsas istiqamətlərindən biri mülki və ticarət işləri üzrə hüquqi yardım mexanizmlərinin genişləndirilməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu baxımdan Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqavilənin təsdiqi iki ölkə arasında hüquqi münasibətlərin daha da dərinləşməsinə xidmət edən mühüm addımdır.

    Mülki və ticarət işləri üzrə hüquqi yardım müasir beynəlxalq hüququn mühüm institutlarından biridir. Qloballaşan iqtisadi münasibətlər, insanların sərbəst hərəkəti, beynəlxalq investisiyaların və sahibkarlıq fəaliyyətinin genişlənməsi dövlətlər arasında hüquqi əməkdaşlığın daha çevik və etibarlı mexanizmlərlə təmin olunmasını zəruri edir. Belə əməkdaşlıq müxtəlif ölkələrin məhkəmə və digər səlahiyyətli orqanları arasında hüquqi sənədlərin təqdim olunması, sübutların toplanması, məhkəmə qərarlarının tanınması və icrası, fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

    Azərbaycan bu istiqamətdə həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq müqavilələr sistemi formalaşdırıb. Ölkəmiz 1965-ci il Haaqa Konvensiyasına, MDB çərçivəsində qəbul edilmiş Minsk və Kişinyov konvensiyalarına qoşulmaqla beynəlxalq hüquqi yardım sisteminin fəal iştirakçısına çevrilib. Bununla yanaşı, Türkiyə, Bolqarıstan, Hindistan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş kimi dövlətlərlə imzalanmış ikitərəfli müqavilələr Azərbaycanın bu sahədə müqavilə-hüquq bazasını daha da genişləndirib.

    Bu siyasətin davamı kimi 2026-cı il aprelin 25-də Qəbələdə Azərbaycan və Ukraynanın xarici işlər nazirləri tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə" mühüm hüquqi sənəd kimi qiymətləndirilməlidir. Müqavilə beynəlxalq müqavilələr hüququnun əsas prinsiplərinə, o cümlədən 1969-cu il Vyana Konvensiyasının tələblərinə uyğun hazırlanıb.

    Azərbaycan və Ukrayna arasında münasibətlər uzun illərdir strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Siyasi dialoqla yanaşı, iqtisadi, elmi, təhsil, humanitar və mədəni sahələrdə əməkdaşlıq davamlı şəkildə genişlənir. İki ölkə arasında imzalanmış 150-dən artıq beynəlxalq sənəd, o cümlədən 66 dövlətlərarası və hökumətlərarası saziş bu münasibətlərin möhkəm hüquqi baza üzərində qurulduğunu göstərir. Yeni müqavilə həmin hüquqi bazanı daha da zənginləşdirərək məhkəmə-hüquq əməkdaşlığını yeni mərhələyə yüksəldir.

    25 maddədən ibarət olan müqavilə mülki və ticarət işləri üzrə hüquqi yardımın göstərilməsi qaydalarını, məhkəmələr və digər səlahiyyətli orqanlar arasında əməkdaşlıq mexanizmlərini, fiziki və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsini, məhkəmə qərarlarının qarşılıqlı tanınması və icrasının hüquqi əsaslarını müəyyən edir. Bu müddəalar beynəlxalq hüquqi münasibətlərdə hüquqi müəyyənliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

    Müqaviləyə əsasən hər iki ölkənin Ədliyyə nazirlikləri mərkəzi orqan qismində müəyyən edilir. Bu isə hüquqi yardım sorğularının operativ icrasına, məlumat mübadiləsinin səmərəliliyinin artırılmasına və prosedurların vahid mexanizm üzrə həyata keçirilməsinə imkan yaradacaq. Sənədin qeyri-müəyyən müddətə bağlanması da tərəflərin uzunmüddətli hüquqi əməkdaşlıq niyyətini nümayiş etdirir.

    Müqavilənin qüvvəyə minməsi ilk növbədə hər iki ölkənin vətəndaşları və sahibkarlıq subyektləri üçün hüquqi təminatların gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xarici elementli mülki və kommersiya mübahisələrinin daha səmərəli həlli, məhkəmə qərarlarının icrasının asanlaşdırılması, hüquqi prosedurların sadələşdirilməsi həm hüquq sisteminin effektivliyini artıracaq, həm də iqtisadi münasibətlərin inkişafına əlavə stimul verəcək.

    Nəticə etibarilə, Azərbaycan–Ukrayna hüquqi yardım haqqında müqaviləsi təkcə iki ölkə arasında məhkəmə-hüquq əməkdaşlığını tənzimləyən texniki sənəd deyil. O, dövlətlər arasında qarşılıqlı etimadın, hüququn aliliyinin və beynəlxalq hüquqi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm hüquqi mexanizmdir. Bu sənəd Azərbaycanın beynəlxalq hüquqi inteqrasiya siyasətinin ardıcıl şəkildə davam etdirildiyini və ölkəmizin etibarlı hüquqi tərəfdaş kimi mövqeyinin daha da gücləndiyini bir daha nümayiş etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR