AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zakir Həsənov NATO ilə əməkdaşlıqdan danışdı

  • + A
  • - A
  • 3-05-2019, 11:37

    Zakir Həsənov NATO ilə əməkdaşlıqdan danışdı















    "2002-ci ildən bu günədək Azərbaycan Ordusunun ümumilikdə 24 zabiti bu proqram çərçivəsində NATO-nun müxtəlif struktur və qərargahlarında xidmət edib".
    Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

    Onun sözlərinə görə, hazırda NATO qərargahlarında Azərbaycanın 8 zabiti xidmət edir: "Bu müddət ərzində beynəlxalq mühitdə əldə olunmuş təcrübə zabitlərimizin ölkəyə qayıtdıqdan sonra milli vəzifələrdəki xidmətlərinə müsbət təsirini göstərir. Çoxmillətli strukturlarda əldə edilmiş bilik və bacarıqlar milli təcrübəyə inteqrasiya olunaraq Ordumuzun döyüş qabiliyyətinin daha da inkişaf etdirilməsinə töhfəsini verir.

    "NATO ilə tərəfdaşlığımızın 25-ci ildönümünün qeyd edilməsi bizim əməkdaşlıqda qazandığımız nailiyyətlərimizin təcəssümüdür. Bu uğur Azərbaycanın 25 il əvvəl çətin bir zaman kəsiyində qərar verdiyi istiqamətlər üzrə həyata keçirdiyi kompleks fəaliyyətlərin nəticəsidir".

    Nazir xatırladıb ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin may ayının 4-də Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalaması ilə Azərbaycan SNT proqramına qoşulub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu proqram NATO ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında səmərəli hərbi əməkdaşlığın və uyarlığın təmin olunmasında ən uğurlu mexanizmlərdən biri kimi özünü doğruldub.

    Onun sözlərinə görə, NATO ilə qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Ordusunun hərbi əməkdaşlığının əsas prioritet istiqamətlərindən biridir: "Azərbaycan ilə NATO arasında qurulmuş tərəfdaşlıq və müxtəlif sülhməramlı missiyalarda birgə fəaliyyət ölkəmizin Avro-Atlantik məkanda təhlükəsizliyi və sabitliyi təmin etmək üçün göstərdiyi səylərin və xoşməramlı niyyətimizin bariz nümunəsidir. Azərbaycan üzləşdiyi çağırışlara baxmayaraq, ilk günlərdən etibarən Kosovoda və Əfqanıstanda NATO-nun başçılığı altında həyata keçirilən əməliyyatlara qatılaraq beynəlxalq sabitliyə nail olmaq üçün töhfəsini verib".

    Z.Həsənov bildirib ki, qloballaşan dünyada hər bir böhran və ya münaqişə digər ölkələrə təsirsiz ötüşmür və bu kontekstdə Azərbaycan Avro-Atlantik məkanda sülhə və təhlükəsizliyə nail olmaq üçün NATO ilə əməkdaşlıq edir və bundan sonra da edəcəkdir: "Biz bunu yaxşı çox yaxşı dərk edirik. Təsadüfi deyil ki, Azərbaycan Planlaşdırma və Analiz Prosesinə qoşulan ilk ölkələrdən biridir. Praktiki əməkdaşlığın təməlini təşkil edən bu mexanizm müasir ordu quruculuğunun əsaslarına söykənən müdafiə islahatlarının həyata keçirilməsinə, zəruri əməliyyat uyarlığının təmin edilməsinə və Silahlı Qüvvələrin transformasiyasına töhfə verir".

    Müdafiə naziri xüsusi ilə qeyd edib ki, Azərbaycan Ordusu əməliyyat uyarlığına nail olmaq üçün NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramından səmərəli istifadə edir: "Azərbaycan Ordusu 2004-cü ildə proqrama bir bölüklə qoşulmuş, bu gün isə bütün qoşun növlərindən olan bölmələr bu proqrama cəlb edilmişdir. Hərbçilərimiz qazandıqları təcrübə ilə təkcə respublika daxilində deyil, həm də digər tərəfdaş ölkələrlə bölüşərək proqramın inkişafına töhfə verirlər. Təbii ki, hərbi sahədə müvəffəqiyyətə nail olunması əməliyyat uyarlığı səviyyəsi ilə düz mütənasibdir. Lakin dayanıqlı tərəfdaşlığın əldə edilməsi insan uyarlığının və həmfikirliyin əldə olunması ilə bağlı olan danılmaz bir faktdır. Bu kontekstdə mən NATO-nun Tərəfdaşlığın Qərargah Vəzifəsi proqramını xüsusi ilə qeyd etmək istərdim".

    "Bizim NATO ilə substantiv əməkdaşlığımız Alyansın təhsil və təlim standartlarının peşəkar hərbi təhsil sistemimizə inteqrasiya edilməsini də əhatə edir. On ildən artıqdır ki, Azərbaycan NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi” proqramı çərçivəsində yeni çağırışlara, mürəkkəb və dinamik strateji mühitdə bütün növ təhdidlərə cavab verə biləcək liderlərin hazırlanmasını həyata keçirir.
    NATO-nun müxtəlif əməkdaşlıq proqramları müsbət dəyişikliklər istiqamətində təsirli vasitə kimi özünü göstərir. Düşünürük ki, Avro-Atlantik məkanının ümumi sabitliyi və təhlükəsizliyi regional ölkələrin apardıqları daxili islahatlardan və beynəlxalq əməkdaşlıqdan asılıdır. Bizim yaxından iştirak etdiyimiz NATO-nun tərəfdaşlıq mexanizmləri və əməkdaşlıq proqramları Azərbaycanın, eləcə də bütün regionun müdafiə və təhlükəsizlik sahəsində islahatlar üçün çərçivənin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır və regional, o cümlədən Avro-Atlantik məkanın təhlükəsizliyini möhkəmləndirir", - general-polkovnik Zakir Həsənov vurğulayıb.

    O deyib: "Qeyd etmək lazımdır ki, üzvlərinin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması baxımından Alyansın tarixi müvəffəqiyyətləri, SNT ölkələri də daxil olmaqla müxtəlif tərəfdaş dövlətlərin NATO ilə əməkdaşlığının başlıca amillərindən biridir. Alyans təkcə bu prinsipləri dəstəkləməklə kifayətlənmir, həm də Avro-Atlantik təhlükəsizliyin əsası kimi onları siyasi cəhətdən müdafiə edir. Bu kontekstdə Cənubi Qafqazdakı münaqişələrin həll edilməsi istiqamətində NATO-nun nümayiş etdirdiyi qəti mövqe təqdirəlayiqdir. Azərbaycan da ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya minnətdardır".

    "Avropa ilə Asiya arasında yerləşən Cənubi Qafqaz, xüsusilə Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Cənubi Qafqaz Avropanın enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli bir regiondur. Bölgədəki həll olunmamış münaqişələrin mövcudluğu Avropanın təkcə enerji təhlükəsizliyinə deyil, həmçinin sabitliyinə də böyük təhdid təşkil edir. Bu baxımdan, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsinin tələblərinə uyğun həll edilməsi beynəlxalq ictimaiyyətin marağındadır.

    Ölkəmiz hər zaman sülh ideyalarına sadiqliyini nümayiş etdirir və müvafiq siyasəti həyata keçirməklə regional və qlobal miqyasda sabitliyin saxlanılmasını hər vəchlə dəstəkləyir. 25 illik çoxşaxəli əməkdaşlığımız, sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhə verdiyimiz töhfə və Avro-Atlantik məkanda sülhə nail olmaq istiqamətində həyata keçirdiyimiz uğurlu layihələr müvəffəqiyyətli tərəfdaşlığımızın təzahürüdür. İnanıram ki, bu günədək əməkdaşlıqda qazanılmış nailiyyətlər gələcək uğurlarımızın carçısıdır.

    Əminəm ki, biz bu strateji əhəmiyyətli tərəfdaşlığı inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyik",- nazir bildirib.

    "Əfqanıstan İslam Respublikasında həyata keçirilən Qətiyyətli Dəstək missiyasının bu ölkənin təhlükəsizliyi və davamlı inkişafı, o cümlədən regional və qlobal təhlükəsizlik üçün əhəmiyyətini bilərək biz 2018-ci ildən etibarən Əfqanıstandakı hərbi kontingentimizin sayını 30 faiz artırmışıq.

    Göstərilən hərbi dəstəyə əlavə olaraq Azərbaycanın Əfqanıstana töhfəsi siyasi, maddi-texniki dəstək, quru-hava tranziti, həmçinin müxtəlif treninqlər, minadan təmizləmə və maliyyə dəstəyi kimi digər qeyri-hərbi yardımları da ehtiva edir", -deyə Müdafiə naziri əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR