AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan prezidenti NATO və Avropa İttifaqı sammitində

  • + A
  • - A
  • 24-11-2017, 11:58

    Azərbaycan prezidenti NATO və Avropa İttifaqı sammitində














    Dövlət başçısı NATO baş katibi ilə görüşdü, bu gün isə Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitində iştirak edəcəyi gözlənilir

    Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.

    Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb. İlham Əliyevin və Yens Stoltenberqin görüşü olub. Görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və NATO baş katibi Y.Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.

    Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və NATO arasında yaxşı əməkdaşlıq tarixi var.

    İlham Əliyev qeyd edib ki, Azərbaycan hərbçiləri NATO kontingenti ilə birgə Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə xidmət edir. Azərbaycanın 94 hərbçisi NATO hərbçiləri ilə çiyin-çiyinə Əfqanıstanda sülh və təhlükəsizliyi təmin etmək naminə xidmət edir. Azərbaycan və NATO artıq bir neçə ildir əməkdaşlıq edir, ölkə NATO-nun bir çox sülhməramlı əməliyyatlarında iştirak edir, hazırda isə Azərbaycan “Qətiyyətli dəstək” missiyasına öz töhfəsini verir.

    Prezident deyib ki, Azərbaycan həmçinin multimodal tranzit təqdim edir və koalisiya qüvvələrinə öz hava məkanından istifadəyə verir: “Azərbaycan həmçinin Əfqanıstan silahlı qüvvələri üçün məqsədli fonda öz töhfəsini verməkdədir və baş katibinin dediyi kimi, biz sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə daha böyük töhfə vermək üçün Əfqanıstanda kontingentimizin sayını artıracağıq”.

    Prezident vurğulayıb ki, Azərbaycan 2004-cü ildən Fərdi Tərəfdaşlıq Planına qoşulub və 4 mərhələni başa vurub, beşinci mərhələ isə hazırda həyata keçirilir.

    Yens Stoltenberql isə bildirib ki, NATO Azərbaycana Əfqanıstandakı “Qətiyyətli Dəstək Missiyası”na davamlı dəstəyinə görə minnətdardır. Baş katib qeyd edib: “Bu gün biz uzunmüddətli əməkdaşlığımızı müzakirə etdik. Biz Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə hərbi qüvvə, nəqliyyat və maliyyə yardımına görə minnətdarıq”.

    NATO baş katibi “Qətiyyətli dəstək missiyası” çərçivəsində Əfqanıstanda sülhməramlıların sayını artırmaq haqqında qərara görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

    Azərbaycan prezidenti NATO və Avropa İttifaqı sammitində
    Azərbaycan prezidenti noyabrın 23-də həmçinin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

    Noyabrın 24-də isə prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının zirvə toplantısında iştirak edəcəyi bildirilir.

    “Şərq Tərəfdaşlığı” sammitinin əsas sənədinin birgə Bəyannamə olacağı gözlənilir.

    Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. “Şərq Tərəfdaşlığı” Avropa İttifaqının 6 qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. Avropa İttifaqı ilə saziş üzrə danışıqları Azərbaycan tərəfindən aparan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə bir neçə gün öncə mediaya açıqlamasında deyib ki, çalışsaq gələn il ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında saziş üzrə danışıqları bitirmək olar. Saziş üzrə növbəti görüş noyabrın 27-28-də olacaq.
    Azərbaycan prezidenti NATO və Avropa İttifaqı sammitində
    Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri Avroatlantik məkanla münasibətlərimiz üçün çox əhəmiyyətlidir. Ölkə başçısının bu dəvətləri qəbul etməsi öz-özlüyündə müxtəlif beynəlxalq dairələrdə Azərbaycan haqqında olan fikirləri, münasibətləri daha da dəqiqləşdirir, regiona yönəlik kursda ölkəmizin yerini daha mühüm şəkildə nəzərə almağı onlardan tələb edir: “NATO ilə əlaqələr müxtəlif fazalardan keçib. 1990-cı illərdə ”Sülh naminə tərəfdaşlıq" proqramı ilə başlayıb. Bundan sonra bu regiondakı dövlətlərin hərbi və siyasi strategiyası dəyişdiyindən Gürcüstan daha yaxın proqramlar sisteminə qoşulub. Lakin Azərbaycan əlaqələrini qoruyub saxlamaq, ayrı sahələr üzrə əlaqələri inkişaf etdirməklə bərabər ümumən özünün NATO-da üzvlük siyasətinə bu gün baxmadığını bəyan edib. Hesab edirəm ki, Avropa İttifaqı və NATO-ya yanaşma əslində ondan ibarətdir ki, biri sırf Qərbin formalaşdırdığı iqtisadi qurumdur, biri isə real hərbi-siyasi təşkilatdır. Hər iki qurumun sinxron fəaliyyətləri mövcuddur. 28 dövlət dünyada özlərinin gücü ilə, beynəlxalq siyasətdə diktə etmələri ilə fərqlənirlər. Səfərin önəmini həmin kontekstdə də dəyərləndirməliyik. Yəni Azərbaycan Qərblə münasibətlərində ardıcıldır, sistemlidir, lakin hərbi məsələlərə ehtiyatla yanaşır. Çünki bu açıq-aşkar regionda İran və Rusiya tərəfindən süngü ilə qarşılanır. Biz NATO-nun bu bölgə üzrə forpostu olmaq istəmirik, əks halda, bizim təhlükəsizliyimizin zəmanəti də NATO tərəfindən verilmir. Riqa sammitində ölkə rəhbəri bunu açıq şəkildə dilə gətirmişdi".Deputat qeyd etdi ki, Azərbaycan liderinin NATO rəhbəri ilə görüşü, NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı, Avropa İttifaqının sammitində iştirakı o deməkdir ki, biz Qərblə inteqrasiya siyasətini bundan sonra da davam etdirəcəyik: “Azərbaycanın statusu NATO üçün çox önəmlidir. Brüsseldən siyasəti yönləndirən qüvvələr də nəzərə alırlar ki, əgər Azərbaycan Avropa İttifaqı ilə münasibətlər üçün yeni və daha mühüm bir sazişi imzalayırsa-yəni bunlar sabah baş verəcək-belə olan təqdirdə bir çox istiqamətlər üzrə Avropa İttifaqına üzv dövlətlərin standartlarına uyğunlaşmaq yolunda addımlar atacaq. Belə olan təqdirdə bölgəyə mənfi siqnallar, təhlükə haqqında bəyanatlar verənlər olacaq. Açıq demək lazımdır ki, müxtəlif paytaxtlar bu səfərləri çox həssaslıqla izləyirlər. Prezidentin Brüssel səfəri qarşıdakı dönəm üçün Azərbaycanın xarici əlaqələrində Avropa xəttini gücləndirəcək. Biz resurslarımızı genişləndiririk”.

    Z.Oruc onu da qeyd etdi ki, “Şərq Tərəfdaşlığı” samiti öncəsi Leyla Yunus və Emin Hüseynovun brifinq keçirərək Avropa İttifaqı ölkələrini demokratiya, insan haqları, siyasi məhbuslar məsələsi, xüsusən də İlqar Məmmədovun azad edilməməsinə görə Azərbaycana təzyiqləri artırmağa çağırması bir daha göstərdi ki, bu cür adamlar müxtəlif siyasi və maliyyə mərkəzlərinin əlində alətdirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR