Fəzail Ağamalı: “Elmar Məmmədyarovun bu məsələdə qınanması onun mübariz və prinsipial xarici işlər naziri olmaması ilə bağlıdır”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu olub. Riyad Məmmədyarov Aleks Zapalla adlı xanımla ailə həyatı qurub. Cütlüyün toyu ABŞ-da Nyu-York şəhərində baş tutub. Toyda Elmar Məmmədyarovla yanaşı, ailə üzvləri, eləcə də cütlüyün yaxınları iştirak ediblər.
Qeyd edək ki, Riyad Məmmədyarovla Aleks Zapallanın münasibəti 4 il öncə başlayıb. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olub. Cütlük rəsmi nikaha ötən ilin yayında daxil olublar. Elmar Məmmədyarovun digər oğlu Emin Məmmədyarov da ABŞ-da yaşayır
XİN rəhbərinin oğluna Amerikada toy etməsi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə o, sərt şəkildə qınaqlara məruz qalır. Bir nazirin övladına ölkəsində toy etməyi rəva bilmədiyi, əvəzində başqa ölkəyə üstünlük verməsi tənqid olunur. Ən azından Azərbaycanda bir toy etməyin mümkün olduğu vurğulanır.
Bu olaya Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının rəyini soruşduqda o, “Yeni Müsavat”a bunları dedi:“Azərbaycan demokratik bir ölkədir. Vətəndaşlarımız azad, sərbəstdirlər, öz həyatlarını qurmaq üçün onların konstitusion hüquqları təmin olunub. Eyni zamanda istənilən yerdə istirahət etmək, istənilən ölkəyə səyahətə getmək, istənilən ölkədə toy etmək hüquqları var. Bu çox qınanılası məsələ deyil. Cəmiyyətin bu məsələdəki mənfi reaksiyasının səbəbi mənə elə gəlir ki, hər şeydən öncə Elmar Məmmədyarovun xarici işlər naziri olması, yüksək dövlət məmuru statusu daşımasıdır. Mən bir çox məsələlərdə hər zaman ölkə prezidentini, onun ailəsini nümunə kimi gətirmişəm. Doğrudan da həqiqət budur. Çünki ölkə prezidentinin bütün sahələrdə olduğu kimi ailə münasibətlərində də atmış olduğu addımlar nümunəvidir. Müsahibələrimin birində belə fikir söyləmişəm ki, ölkə prezidentinin oğlu dünyanın istənilən ölkəsində xarici təhsil ala bilərdi. Amma Bakıda Azərbaycan Diplomatiya Akademiyasında təhsil aldı. Bir çox məmurların övladlarından fərqli olaraq vətəni, dövləti qarşısında öz müqəddəs borcunu yerinə yetirdi, əsgəri xidmətini uğurla başa vurdu. Ancaq elə məmurlar var ki, onların övladları nəinki əsgəri xidmətdə olmayıblar, eyni zamanda bir çox xarici ölkələrin vətəndaşıdırlar. Sual doğurur, xeyir ola? Nə əcəb? Bunlar Azərbaycanın bu günündən və gələcəyindən narahatdırlar? Azərbaycan dövlətinə inanmırlar? Dövlətimizin onlara yaratdığı imkanlardan razı deyillər? Azərbaycanda təhlükəsizliklərini görmürlər? Bu cür suallar ortalığa çıxır. Özü də çox haqlı suallardır. Riyad Məmmədyarovun həyat yoldaşı ABŞ vətəndaşıdır. Bu baxımdan ümumi ailənin belə bir fikri olub ki, toy Amerikada keçirilsin.
Olsun, nə olar ki. Burada pis heç nə görmürəm. Amma bu söz-söhbətlərə rəvac verməmək üçün Elmar Məmmədyarov ən azından həmin toyun birini də Azərbaycanda keçirə bilərdi. Amma istənilən halda bu onun seçimidir. Dediyim olsaydı, məncə, bu cür söz-söhbətlər yaranmazdı. Sadəcə olaraq, hər halda, gənclər evlənib. O gənclərə xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, Elmar Məmmədyarovun oğlunun toyu Amerikada olsa da, Azərbaycana bağlı olsun, vətənini sevsin, gələcəkdə dünyaya gələn övladlarını həm də Azərbaycanpərəst mövqedə tərbiyə etdirsin, elə formalaşdırsın ki, onlar Azərbaycan üçün ən çətin anlarda fədakarlıq etməyə hazır olsunlar. Əsas olan budur. Bu oldusa, toyun harada keçirilməsi, məncə, o qədər də önəmli deyil”.
Deputat XİN rəhbərinin hədəfə tuş gəlməsinin əsl səbəblərini açıqladı: “O, hər halda, xarici işlər naziridir. Dövlətdə protokol qaydalarına görə ölkə prezidenti, I vitse-prezident, baş nazir, Milli Məclisin sədri və sonra xarici işlər naziri gəlir. Elmar Məmmədyarovun xarici işlər naziri kimi daşıdığı səlahiyyət var. Digər tərəfdən, əlbəttə, görünən odur ki, Elmar Məmmədyarov bu dərəcədə müzakirə predmetinə çevrilib. Hər halda, vaxtilə onun haqqında fikir söyləmişdim. Mətbuatda gedib. Çox arzulayardım ki, Elmar Məmmədyarov mübariz və prinsipial bir xarici işlər naziri olsun. Təəssüflər olsun ki, bu mümkün olmadı. Ölkə prezidentinin həyata keçirmiş olduğu hücum diplomatiyası bir çox hallarda Elmar Məmmədyarov tərəfindən özünün timsalında xeyli dərəcədə liberallaşdırılır. Sanki o, Minsk Qrupunun həmsədrlərinin fəaliyyətlərinin və işinin davamçısı kimi görünür.
Paşinyan Dağlıq Qarabağı Ermənistanın ərazisi hesab edir, bizim xarici işlər naziri dişsiz bir bəyanatla çıxış edir. Halbuki xarici işlər naziri Minsk Qrupu həmsədrlərini dərhal ölkəmizə çağırmalı, ortaya rəsmi mövqe qoymalı idi. Onlardan izahat tələb etməli idi ki, buyurun, cavab verin. Bunları etmədi. Dişsiz, qeyri-müəyyən açıqlama ilə XİN-in mətbuat xidməti açıqlama yaydı. Sonradan hər şey də passivləşdi. Paşinyan indi Amerikaya gedir. Orada da erməni diasporasının qarşısında bu fikirləri söyləyəcək ki, bəli, mən artıq elan etmişəm, indi də elan edirəm ki, Dağlıq Qarabağ Ermənistanın bir hissəsidir. Bu təcavüzkarlığın bir etirafıdır. Ermənistanın işğalçı ölkə olduğunu ortalığa qoyan ciddi bir faktdır. Xarici işlər naziri bunu etmirsə, cəmiyyətdə də bu birmənalı qarşılanmır. Nəticədə oğluna Amerikada toy edəndə bu cür hərəkətlər yada düşür, ona qarşı münasibətlər özünü ifadə edir. Məncə, bunun başqa bir səbəbi yoxdur”.