Hakimiyyətin yeni iqtisadi modeli ölkəyə nə verdi? - Yeni detallar
Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhəti qeyri-neft sektorunun inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsidir.
Hakimiyyətin yeni iqtisadi modeli ölkədə ciddi dəyişikliklərə səbəb olub.
Ölkəmizin qlobal iqtisadi şokların təsirinə daha az məruz qalaraq yüksək dayanıqlıq nümayiş etdirməsi ilk növbədə onunla şərtlənir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb.
Ölkəmiz elə bir inkişaf modeli seçib ki, burada neft əsas rol oynamasın. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir.
Qarşıya qoyulan məqsədlərə çatmaq üçün hazırda paytaxtda və bölgələrdə neftdənkənar iqtisadiyyat üzrə yeni müəssisələr yaradılır, aqrar sektorda yüksək məhsuldarlığı təmin edən intensiv metodların tətbiqinə geniş meydan verilir.
Yeni şəraitdə milli iqtisadiyyatımızda sabitliyin təmin olunması və böhran meyillərinin uğurla dəf edilməsi baxımından Prezident İlham Əliyevin Fərman və sərəncamları aktuallıq daşıyır.
Dövlət başçısının qəbul etdiyi mühüm qərarlar və aparılan islahatlar iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Bu islahatlar biznes mühitinin optimallaşdırılmasına xidmət edir.
Ulus.Az-ın verdiyi xəbərə görə, yeni iqtisadi kurs neft gəlirlərinin azaldığı dövrdə, o cümlədən də 2017-ci ildə ölkəmizin uğurlu inkişafını təmin edəcək.
Ölkə məqsədyönlü diversifikasiya siyasətinə uyğun olaraq həmçinin ixracın şaxələndirilməsinə nail olmağı hədəfləyib.
Ümumiyyətlə, statistik rəqəmlər son 13 ildə Azərbaycanın bütün dünya üzrə ən sürətlə inkişaf edən ölkələr sırasında yer aldığını təsdiqləyir.
Son 2 ildə beynəlxalq arenada cərəyan edən geosiyasi gərginliklər, hərbi münaqişə ocaqlarının sayının çoxalması və dünya siyasətini diktə etməyə çalışan fövqəldövlətlər arasındakı siyasi ziddiyyətlərin kəskinləşərək yeni “soyuq müharibə” mərhələsinə keçməsi qlobal iqtisadiyyata son dərəcə mənfi təsir göstərərək inkişaf templərini əhəmiyyətli dərəcədə azaldıb.