Allahşükür Paşazadə: “O Fətullah öz başına FETÖ olmayıb, arxasında duranlar var”
“Azərbaycanın, prezidentimizin dostu Rəcəb Tayyib Ərdoğanın apardığı siyasəti bir çox dövlətlərin gözü götürmür”.
Aztb.info APA-ya istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Heydər məscidində 2016-cı il 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı tədbirdə bildirib.
O qeyd edib ki, buna görə onlar Türkiyədə terror törədir, çevrilişlərə cəhd edir: “Vaxtı ilə Azərbaycan xalqı da belə terrorun, qırğının nə demək olduğunu görüb. Qardaşlarımızı indi yaxşı anlayırıq. Ötən ilin bu günü isə mənfur FETÖ-çülər qardaş Türkiyədə türkü türkə qırdırdılar. Qardaş ölkədəki qanuni hakimiyyəti devirməyə cəhd kimi mənfur cəhdə əl atdılar. Şükür ki, Ərdoğan başda olmaq qardaş ölkəmiz bu xain cəhdi adlada bildi. İslamda Peyğəmbər (s) başda olmaqla bir sıra üləmalar, alimlər olub. Amma onlar həmişə belə mənfur hadisəni, terroru lənətləyiblər. Çünki İslam sülh dinidir. İndi bu FETÖ də İslam adından istifadə edən terrorçudur. Əslində bunun arxasında duranlar var. O Fətullah (Fətullah Gülən –red.) öz başına FETÖ olmayıb, onun arxasında duranlar onu bu ərsəyə gətirib”.
Şeyxülislam bildirib ki, həmin gün gecə başda prezident İlham Əliyev Azərbaycanın Türkiyənin qanuni hakimiyyətinin - Rəcəb Tayyib Ərdoğanın yanında olduğunu bəyan edib: “O cümlədən, biz dindarlar da həmin gecə qardaş ölkənin, qanuni prezident Ərdoğanın yanında olduğumuzu açıqladıq, əlimizdən gələn dəstəyi verdik”.