AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özbəkistan Azərbaycanın ədliyyə sahəsindəki innovasiyalara maraq göstərir

  • + A
  • - A
  • 24-05-2021, 19:34


    Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində müasir çağırışlara uyğun islahatlar aparılaraq vətəndaşlara şəffaf, operativ və əlçatan xidmətlərin göstərilməsi məqsədilə elektron innovasiyalardan geniş istifadə olunur. Rəqəmsal texnologiyaların tətbiqi, həmçinin vətəndaş-məmur münasibətlərinin tamamilə yeni səviyyəyə yüksəlməsinə, korrupsiyanın və süründürməçiliyin qarşısının alınmasına, bununla da insanların rahatlığına xidmət edir. Bu sahədə yeniliklər beynəlxalq maraq doğuraraq digər dövlətlər Azərbaycanın təcrübəsindən bəhrələnirlər.
    Belə ki, ölkəmizdə səfərdə olmuş Özbəkistanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə və məhkəmə sahəsində tətbiq olunan innovasiyalarla tanış olmaq üçün Ədliyyə Nazirliyində olub.
    Nümayəndə heyəti üçün xüsusi təqdimat keçirilərək vətəndaşlara göstərilən çoxşaxəli elektron ədliyyə xidmətləri, nazirlik tərəfindən aparılan müxtəlif reyestrlər və digər elektron informasiya resursları barədə məlumat verilib.
    Qonaqlar "Elektron məhkəmə" və "Elektron notariat" informasiya sistemlərinə xüsusilə maraq göstəriblər. Həmçinin, pandemiya ilə əlaqədar xüsusi karantin rejimi şəraitində məsafədən video-əlaqə vasitəsilə göstərilən notariat xidmətləri, o cümlədən "Elektron ədliyyə köşkü", səyyar notariat çantası, "Mobil notariat" tətbiqi məmnunluq doğurub.
    Eyni zamanda, "Mobil məhkəmə" proqram təminatı, süni intellektdən istifadə, məhkəmə işlərinə baxılmasında videokonfransın tətbiqi, habelə azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələri ilə bağlı təqdimatlar nümayiş etdirilib.
    Ədliyyə nazirinin müavini Eldar Nuriyev ilə görüşən Özbəkistanın nümayəndə heyəti yeni yaradılmış Korrupsiyaya qarşı Mübarizə Agentliyinin fəaliyyəti barədə məlumat verərək, bu sahədə yaxşı təcrübələri öyrəndiklərini, bu məqsədlə Azərbaycanın nailiyyətlərinə böyük maraq göstərdiklərini, korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayan "ASAN xidmət" modelindən bəhrələndiklərini vurğulayıblar. Bildiriblər ki, Azərbaycanın ədliyyə sahəsindəki innovasiyaların tətbiqində müsbət təcrübəsindən yararlanmaq onlar üçün faydalı ola bilər.
    Görüşdə Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolu vurğulanıb.
    Nazir müavini həmçinin, hüquqi sahədə səmərəli əməkdaşlığı qeyd edərək ötən ay rəqəmsal innovasiyalara həsr olunmuş Daşkənd Hüquq Baharı Forumu çərçivəsində iki ölkə arasında ədliyyə sahəsində qarşılıqlı fəaliyyətə dair yeni Əməkdaşlıq Proqramının imzalandığını söyləyib.
    A.Burxanov korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa toxunaraq ölkəmizin həmtəsisçisi olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbərliyində təmsilçiliyini yüksək qiymətləndirib, rəhbərlik etdiyi qurumun Assosiasiyanın işində yaxından iştirak etmək niyyətində olduğunu bildirərək, bununla bağlı Azərbaycanın dəstəyini məmnunluqla qarşılayıb.
    Görüşdə əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR