Vaqif Əsədov: “Məni daim güdürlər...” - Müsahibə
Sualları Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov cavablandırıb
- Vaqif müəllim, son zamanlar paytaxt küçələrində yol qəzalarının çoxalması diqqət çəkir. Səbəb nədir?
- Yol-nəqliyyat hadisələrini 20-25 il bundan əvvəllə müqayisə etsək, təkcə ölüm faktlarının nə qədər aşağı düşdüyünü görərik. Məsələn, 25 il əvvəl Azərbaycanda il ərzində yol-nəqliyyat hadisələri zamanı 3 min nəfər həlak olurdusa, indi bu rəqəm 1000-ə yaxındır. Həmin dövrdə küçə və yolların uzunluğu 2013 kilometrdisə, indi 2500 kilometrdir.
Avtomobil, sürücü, piyada və yol varsa, hadisə qaçılmazdır. Ancaq hadisələrin baş verməməsi üçün nizam-intizam olmalııdr. “Yol hərəkəti haqqında” qanunu bilmək, ona əməl etmək vacibdir. Hər bir yol-nəqliyyat hadisəsinin təhlilinə nəzər saldıqda, hadisələrin qanunun tələblərin pozulmasından yarandığını müşahidə edirik.
- Avtomobillərlə piyadların vurulması faktları da az deyil. Bu hadisələrlə bağlı statistika necədir?
- Bakı şəhərində piyadaların vurulması ümumi hadisələrin təxminən 67 faizini təşkil edir. Bu, ciddi narahatlıq doğurur. Təbii ki, hadisələrin baş verməsinə səbəb piyada səhlənkarlığı və sürücü diqqətsizliyidir. Son zamanlar paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlər üzrə yeraltı və yerüstü piyada keçidlərinin sayı 80-ə yaxınlaşır. Əvvəllər isə 9 keçid var idi və onlardan istifadə edilmirdi.
İndi ayrılmış vəsait hesabına keçidlər tikilib, təhvil verilib. Çox təəssüf ki, bu keçidlərdən piyadalarımız düzgün istifadə etmirlər.
- Bəs, piyadaların avtomobillərlə vurulması hallarının qarşısını almaq üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi hansı tədbirlər görür?
- Baş verən hər bir yol-nəqliyyat hadisəsi qeydə alınır və araşdırma aparılır. İnsanlar “heç nə olmaz” düşüncəsi ilə keçidlərdən kənar yerlərdə yolu keçirlər. “Heç nə olmaz”, “nə olacaq ki...” sözləri vətəndaşları məzuliyyətdən azad etmir. Piyadaların avtomobillərlə vurulması faktlarının qarşısı alınması üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərfindən zəruri tədbirlər görülür. Bu il 77 mindən artıq piyada saxlanılıb və məsuliyyətə cəlb olunub. Onların cərimilənməsi küçə və yollarda nizam-intizamı artırır, təhlükəsiz davranış vərdişləri aşılanır və yol hərəkətində mədəniyyət səviyyəsi formalaşır. Mentalitetimizlə bağlı da təhlükəli vərdişlər var. Cərimə yazan zaman piyadaların ilk sözləri “görmədim, bilmədim, tələsirdim” olur.
- Mentalitet məsələsini bir az dəqiqləşdirə bilərikmi?
- Səs siqnalından yersiz istifadə inzibati məsuliyyət yaradır. Ancaq insanlar səs siqnalı ilə salamlaşır, kimisə yanına çağırır, ailə həyatı da qururlar... Halbuki səs siqnalına görə çox sərtləşdirilmiş cəza növləri tətbiq edilib. Çox avazlı, yüksək tonlu, səsi artırıb-azaldan, musiqi səsli siqnallar məhkəmələr tərəfindən müsadirə olunur və sürücüyə yüksək məbləğdə cərimə tətbiq edilir. Zavod istehsalı olan səs siqnallarından isə yalnız yaşayış məntəqələrindən kənarda, ötmə aparılması niyyətilə, yaxud yol nəqliyyat hadisələrinin qarşısını almaq naminə istifadə etmək olar.
- Vaqif müəllim, bəzən deyirlər ki, piyada keçidlə bağlı cəriməni ödəmədikdə həmin məbləğ bir il ərzində silinir. Düzdürmü?
- Cərimələrin silinməsi mümkün deyil. Qanunvericiliyin tələbinə əsasən, istər piyada, istər sərnişin xəta törədibsə, nəzərdə tutulmuş qaydada həmin məbləğ ödəməlidir. Əgər sistemdə ad yoxdursa, demək, qərar hələ sistemə daxil edilməyib.
Mən hesab edirəm ki, Azərbaycan qanunları çox humanistdir. Xəta törədən şəxs ilk 5 gün müddətində təyin edilmiş cəriməni ödəyirsə, ona 10 faiz güzəşt olunur. Bundan gözəl qərar?.. Cəriməni vaxtında ödəmədikdə, bir ay şərait yaradılır ki, həmin pulu ödəyəsən. O zaman cərimə nə qədərdirsə onu ödəyirsən. Bir aydan sonra həmin pulun üzərinə 1 faiz gəlir.
“Yol hərəkəti haqqında” qanununa görə, bilərəkdən və ya bilmədən, qəsdən və ya ehtiyatsızlıq üzündən adı çəkilən qanunun tələblərinin pozulması inzibati xəta hesab edilir. Bunu törədən hər bir şəxs məsuliyyətə cəlb olunur.
Yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olan və xətaların törədilməsi ilə bağlı həm cərimə, həm də cərimə balı toplanılır. 20 və daha artıq balın toplanması həmin vətəndaşın sürücülük hüququndan məhrum edilməsi deməkdir. İşıqforun qırımızı işığında yeddi dəfə keçmək də sürücülük hüququndan məhrum etməyə gətirir.
Digər ölkələrlə müqayisə etdikdə qanunlarımızın humanizmini aydın görmək olar. Məslən, Rusiyada qoşa xətti kəsib, əks istiqamətli yol zolağına daxil olmaq böyük məbləğdə cərimədir. Avtomobili sərxoş idarə etmək birbaşa məhkəməlikdir. Yaponiyada işıqforun qırımızı işığında hərəkət etmək ölümə sui-qəsd kimi qəbul edilir.
- Xəta törədənlərin aşkar edilməsi üçün hansı tədbirlər görülür?
- Biz funksional vəzifəmizi bir neçə istiqamət üzrə qurmuşuq. Təbliğat aparılır, təhkim edilmiş ərazidə təhlükəsizliyi təmin etmək üçün nəzarət qurulur, xəta törədənlər aşkarlanır və məsuliyyətə cəlb edilir. Bu gün ölkə ərazisində təhlükəsizliyin təmini üçün müxtəlif texniki avadlıqlardan istifadə olunur. Texniki vasitələrə video-kameralar, sürət cihazları və digər avadanlıqlar daxildir. Təkcə paytaxtda quraşdırılmış kameraların hesabına küçə və prosopektlər üzrə törədilən xətaları qeydə alıb, tədbir görülməsinə imkan var. Bununla belə, ərazidə yol polisi olmasa, sürücü və piyadalar özlərini idarə etməyi bacarmırlar.
- Qaydalardan danışdız. Sizin xidməti maşınla qaydaları pozduğunuzu göstərən şəkillər yayılmışdı...
- Mən yol polisiyəm, xidməti maşın sürürəm. Jurnalistlər də daxil olmaqla, hər kəsin əlində mobil telefon var. Bütün bunları nəzərə alıb, çalışıram hərəkətimdə nöqsan olmasın. Bilirəm ki, hər zaman hədəfdəyəm. Hamı çalışır, məni güdsün. Nəsə bir xəta törətdiyimi çəkib, mətbuatda yaysın ki, Vaqif Əsədov yol hərəkəti qaydasını pozub. Bu günə kimi bir neçə dəfə məsələnin xəta olub-olmadığını araşdırmadan şəklimi çəkib yayıblar. Daha xətalara yol vermirəm ki, mətbuatda adım hallansın, dilə-dişə düşməyim.
- Bəs, şəxsi maşınızla qayda pozmusuzmu?
- Şəxsi avtomobilimlə bir neçə dəfə xəta törətmişəm. Mən polkovnik ola-ola idarə etdiyim nəqliyyat vasitəsində sürət həddini aşıramsa, videokamera mənim maşınımı qeydə alırsa, həmin cərimə ödənməlidir.
- Dediniz ki, hər kəs törətdiyi xətanın cəriməsini ödəməlidir. “Vəzifəli kiminsə qohumuyam” deyən sürücüyə cəza yazmaqdan imtina edən polislər olurmu?
- Bakı şəhərində 4000-ə yaxın texniki vasitə var. O cihazlar heç kimi tanımır. “Mən filankəsin qohumuyam”, “dosta zəng” kimi adətlər cihazlara təsir etmir. İlin əvvəlində bu günə kimi şəhər üzrə 4700-dən artıq xəta protokolu tərtib edilib.
Mərkəzi məlumat sistemində bu rəqəmdən artıq elektron protokol yazılıb. Sükan arxasında 8157 nəfər sərxoş sürücü aşkarlanıb. Bu qədər göstərici varsa, “kimsə filankəsəm” deməklə məsuliyyətdən yaxa qurtara bilərmi? İnanın ki, yox. Ada görə polis kiməsə cəza tərtib etmirsə, işdən çıxarılır. Bunun üçün nə müdaxilə, nə də xahiş var.
- Sürət həddinin aşması ilə bağlı faiz dərəcələri necədir?
- Sürət həddinin aşması ilə bağlı hadisələr 51 faiz təşkil edirdi. Sürət yazılarının quraşdırılmasından və tətbiq edilən cəza mexanizmi hadisələrin faizi 32-yə endirib.
- Vaqif müəllim, bir neçə gün əvvəl “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Nərimanov rayonu ərazisində iki nəfərin ölümü, iki nəfərin də müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətmişdi. Bu barədə sizin jurnalistlərə açıqlama verməməyiniz müzakirəyə səbəb oldu...
- Bilmədiyim fakt haqqında danışa bilməzdim. Hadisə yerində olmamışdım. Olsam belə, vətəndaşın sifətinə baxmaqla kim olduğunu bilə bilməzdim. Bakı şəhər üzrə qeydə alınan yol- nəqliyyat hadisələrində xəsarətin dərəcəsindən asılı olmayaq araşdırma adiyyəti üzrə polis idarələri tərəfindən aparılır.
Əvvəllər səlahiyyət şəhər polisində idi, bilirdik. Son 3 ildə qaydalar dəyişib. Bu məsələ barədə məndə qəbahət görülürsə, bunu qəbul edə bilmərəm. Hadisə yerində oluramsa, vətəndaşın kim və nəçi olduğunu görürəmsə, niyə deməyim? Nədən çəkinirəm ki? Mənə informasiya verilməyibsə, nə etməliyəm? Sizlərdən fərqli, mən sorğu-suala tutula bilərəm. Bildiyim informasiyanı vermək isə mənim funksional vəzifəmdir.
- Vaqif müəllim, xanım sürücülər təhlükəsizlik qaydalarına riayət edirmi?
- Xanım sürücülərin çox olması sevindiricdir. Kişilərdən fəqli olaraq xanımlar təhlükəsizlik kəmərindən daha çox istifadə edirlər. Amma sükan arxasında diqqəti yayındıra biləcək hərəkətlərə daha çox yol verirlər. Telefonla danışmaq, güzgüyə baxmaq və s. Təəssüf ki, yol-nəqliyyat hadisələrini araşdıranda xanım sürücülərin də qəza törətdiyinə rast gəlirik. (Teleqraf.com)